Azərbaycan Respublikasının Milli Məclisinin 2000-ci ildə qəbul etdiyi və həmin ilin 30 may tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunmuş “Nəşriyyat işi haqqında” qanun müstəqil Azərbaycanın yeni universal ensiklopediyasının nəşri üçün zəmin yaratdı. Qanunun 26-cı maddəsində Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündə əks etdirməklə yaradılan, budcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat müəssisəsi kimi səciyyələndirilmiş və göstərilmişdir ki, Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir. Qanunda bütün dövlət idarələrinə və elmi təşkilatlara Azərbaycan Milli Ensiklopediyasının hazırlanması üçün zəruri olan sənəd və məlumatları təqdim etmələri tövsiyə olunurdu. Milli Ensiklopediyanın büdcədən maliyyələşdirildiyinin göstərilməsi Ulu öndərimizin ensiklopediya nəşrinə yüksək qiymət verməsinin təzahürü idi. Belə ki ensiklopediya ona qoyulan xərcləri ancaq xalqın maarifləndirilməsinə verdiyi töhfələrdə qaytara bilər.
Dövlət əhəmiyyətli bu işin həyata keçirilməsi istiqamətində dövlətin növbəti addımı özünü çox gözlətmədi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə çoxcildlik Azərbaycan Milli Ensiklopediyasının nəşri qərara alındı. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan xalqının həyatında baş vermiş ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır. Azərbaycan Respublikası Prezidentinin bu qayğısı nəticəsində Azərbaycan Milli Ensiklopediyasının 2007-ci ildə “Azərbaycan” xüsusi cildi Azərbaycan dilində, 2012-ci ildə rus dilində, 2009-cu ildə 1-ci cildi, 2010-cu ildə 2-ci cildi, 2011-ci ildə 3-cü cildi, 2013-cü ildə 4-cü cildi, 2014-cü ildə 5-ci cildi işıq üzü gördü. Milli Ensiklopediyanın çapına başlanması Azərbaycan xalqının tarixində mühüm hadisədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yeni
binasının açılışında qırmızı lenti kəsir.
Milli Ensiklopediyanın çapına başlanması Azərbaycan xalqının tarixində mühüm hadisədir. Təbii və ictimai hadisələr, ölkənin və xalqın tarixi, coğrafiyası və ictimai həyatının bütün tərəfləri haqqında ilk dəfə olaraq, əhatəli, dəqiq və dürüst məlumatlar verən bu fundamental çoxcildliyin işıq üzü görməsi tarixi əhəmiyyətinə görə Azərbaycan dilində ilk dövri mətbuat nümunəsi olan “Əkinçi” qəzetinin 1875-77-ci illərdə H.Zərdabi tərəfindən çap olunmasına bərabər sayıla bilər.
Azərbaycan Milli Ensiklopediyasının cildlərinin nəşrə hazırlanması və çapa təqdim edilməsi Azərbaycan Milli Elmlər Akademiyası tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat olan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində həyata keçirilir. Bu elmi təşkilat “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixində imzaladığı 206 saylı sərəncamı ilə yaradılmışdır.
Elmi Mərkəz yaradıldıqdan 10 il sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tikilib istifadəyə verilmiş, əməkdaşların peşəkar fəaliyyəti üçün hər bir şəraiti olan, yüksək memarlıq tələbləri səviyyəsində tikilmiş yeni, rahat və gözəl binaya köçmüşdür. 5 may 2014-cü il tarixində yeni binanın açılışında Azərbaycan Respublikasının Prezidenti iştirak etmiş və Ensiklopediyanın kollektivinə öz tövsiyələrini bildirmişdir. Elmi Mərkəzdə Milli Ensiklopediyanın çapdan çıxmış bütün cildləri ilə yanaşı, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyevin əsərləri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında 2012-ci ildə nəşr edilmiş “Azərbaycan Muğam Ensiklopediyası”, müxtəlif dillərdə yazılmış ensiklopedik xarakterli kitablar və foliantlar, o cümlədən Raban Mavr tərəfindən tərtib olunaraq 847-ci ildə çapdan çıxmış dünyanın ilk ensiklopediyalarından biri olan “De rerum naturis” (“Əşyaların təbiəti”) kitabının orijinalını tam dəqiqliklə təkrar edən Almaniyada hazırlanmış əla keyfiyyətli surəti vardır.
Elmi Mərkəzdə 110-dan artıq əməkdaş fəaliyyət göstərir. Bunların arasında həm uzun illər bu təşkilatda çalışmış təcrübəli ensiklopediya işçiləri, həm də bu işə yeni girişmiş gənclər də vardır. Elmin nailiyyətlərini və ictimai həyatın yeniliklərini kollektivin qarşısında işıqlandırmaq üçün buranın böyük akt zalında elmi seminarın vaxtaşırı iclasları keçirilir. Seminarın iclaslarında çıxış etmək üçün görkəmli alimlər və ictimai xadimlər dəvət olunur.
Hazırda Elmi Mərkəzin fəaliyyətinin əsas istiqaməti “Azərbaycan Milli Ensiklopediyası” məcmuəsinin cildlərinin çapa hazırlanması üzərində çalışmaqdır. Elmi Mərkəzdə bu məcmuənin cildlərinin çapa hazırlanması üzərində iş Ensiklopediyanın Redaksiya Heyəti tərəfindən təsdiq olunmuş müəlliflər və elmi redaktorlar üçün nəzərdə tutulmuş “Metodik göstərişlərə” dəqiqliklə riayət edilməsi şərti ilə aşağıdakı ardıcılıqla aparılır.
Ensiklopediyanın cildləri üzərində ilk işlər başlanmazdan əvvəl gələcəkdə bu məcmuəyə daxil olacaq bütün məqalələrin ilkin siyahısını təşkil edən sözlük tərtib olunmuş və sahələr üzrə səkkiz kitabdan ibarət “Sözlük” toplusu çap edilmişdir. Hər bir cild üzərində işə başlanmazdan əvvəl həmin cildə daxil ediləcək bütün məqalələrin siyahısı bir daha yoxlanılır, lazım gəldikdə ona əlavələr edilir və o çap olunaraq, tanış etmək və razılaşdırmaq məqsədilə yüzdən artıq aidiyyəti təşkilata və müəssisəyə göndərilir. Bundan sonra daxil olan rəylər də nəzərə alınmaqla müvafiq cilddə çap olunacaq məqalələrin siyahısı tam dəqiqləşdirilir.
“Sözlük”dəki siyahıya uyğun olaraq təbiyyat və humanitar elmlər üzrə redaksiyalarda məqalələr yazılır. Məqalələrdə təbiət hadisələri, biomüxtəliflik, coğrafi ərazilər, dünyanın bütün ölkələri, iri vilayətlər və şəhərlər, millətlər, elm və texnikanın nailiyyətləri, tanınmış sənət əsərləri, mühüm siyasi və ictimai proseslər, tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər, alimlər, sərkərdələr, ictimai-siyasi xadimlər, filosoflar, yazıçılar, şairlər, maarifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimləri barədə dəqiq və yığcam şəkildə hazırlanmış məlumatlar öz əksini tapır. Bu zaman Azərbaycanın təbiətinə, tarixinə, coğrafi bölgələrinə və yaşayış məntəqələrinə, Azərbaycan Respublikasından kənarda olan Azərbaycan tarixi-etnik torpaqlarının toponimlərinə, ictimai həyatın siyasət, hərb, elm, idarəçilik, mədəniyyət, idman və s. sahələrində mühüm işlər görmüş və ya böyük nailiyyətlər əldə etmiş, Azərbaycan dövlətində aparıcı vəzifələrdə çalışmış insanlar barədə məlumatlara xüsusi diqqət verilir. Görkəmli dövlət xadimlərinin, Milli Akademiyanın həqiqi və müxbir üzvü, Xalq Yazıçısı, Xalq Şairi, Xalq Rəssamı, Xalq Artisti kimi fəxri adlara layiq görülmüş şəxslərin, generalların və admiralların (qadınlar üçün: polkovnik və daha yüksək rütbədə olanların), elmlər doktorlarının hər birinin həyat və fəaliyyətinə xüsusi məqalə həsr olunur. Öz tarixi vətənindən kənarda yaşayaraq, böyük nailiyyətlər əldə etmiş azərbaycanlıların, başqa millətlərdən olan, lakin Azərbaycan xalqının və dövlətciliyinin mənafeyi üçün əhəmiyyətli işlər görmüş şəxslərin də hər biri haqqında məqalə tərtib edılır.
Məqalələr üzərində iş zamanı AMEA-nın institutlarında, başqa elmi təşkilatlarda, ali məktəblərdə, respublikanın sahə elmi mərkəslərində çalışan alim və mütəxəssislərlə məsləhətləşmələr aparılır, ehtiyac yarandıqda bioqrafik və başqa faktları dəqiqləşdirmək üçün nazirliklərə, icra orqanlarına, ayrı-ayrı şəxslərə müraciət edilir. Xüsusilə irihəcmli və mühüm məqalələrin əlyazmaları qiymətləndirilmək üçün müvafiq elmi təşkilat və müəssisələrə göndərilir, onlardan alınmış rəylərdəki irad və əlavələr iş prosesində nəzərə alınır. Hazır məqalələrin çap olunmuş və elektron versiyaları “Komplektləşdirmə, texniki tərtibat və korrektura” şöbəsinə daxil olur, burada məqalələr ardıcıllıqla yoxlanılır və komplekləşdirilir. Bundan sonra məqalələrin əlyazmaları müvafiq nəzarət redaksiyalarına verilir və burada onlar diqqətlə yoxlanılıb redaktə edilir. Daha sonra onlar “Kompüter tərtibatı, illüstrasiya və kartoqrafiya” şöbəsinə verilir və burada çap olunacaq cildin müxtəlif mənbələrdən götürülmüş keyfiyyətli rəngli şəkilləri olan maketi hazırlanır. Maket korrektura üçün sahə redaksiyalarına göndərilir və tam yoxlandıqdan sonra yekun variantın hazırlanması üçün yenə Kompüter şöbəsinə təqdim olunur, burada o, çapa hazır vəziyyətə salınır.
Ensiklopediyanın hər bir cildi (təqribən 600 səhifə) iki variantda nəşr edilir. Belə ki, xüsusilə nəfis şəkildə tərtib olunmuş satış variantı Almaniyada, nisbətən sadə, lakin yüksək keyfiyyətli kitabxana variantı isə Bakıda “Şərq- Qərb” nəşriyyatında çap olunur. Bu yaxınlarda cildlərin elektron versiyasının da hazırlanması planlaşdırılır.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əsas fəaliyyət sahəsi təqribən 20 cilddən ibarət Azərbaycan Milli Ensiklopediyasının yerdə qalan bütün cildlərini yüksək keyfiyyətdə hazırlayaraq çapa təqdim etməkdir və qarşıdakı illər ərzində bu mühüm vəzifə yerinə yetirilməlidir. Heç şübhə yoxdur ki, Ensiklopediyanın illər boyu birgə əmək prosesində formalaşmış peşəkar kollektivi Azərbaycan Prezidentinin göstərdiyi qayğı nəticəsində, Azərbaycan Dövlətinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə bu məsuliyyətli işin öhdəsindən gələcəkdir. Bundan sonra Elmi Mərkəzdə hazırlanmış cildlərin xarici dillərə tərcüməsi, sahə ensiklopediyaları, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə, təbiət hadisələrinə, böyük əhəmiyyət daşıyan tarixi proseslərə həsr olunmuş və ensiklopedik xassəli başqa məcmuələrin işlənib hazırlanması və çapı nəzərdə tutulur.