ÇAQIL DAŞI – iriqırıntılı çaqıllardan ibarət çökmə süxur. Çaqıllararası boşluqlar xırda qırıntılı materialla (qum, alevrit və s.) dolmuş və yaxud boş olur. Üstünlük təşkil edən ölçülərindən asılı olaraq xırda (1– 2,5 sm), orta (2,5–5 sm) və iri (5–10 sm) dənəli Ç.d. ayırırlar. Petroqrafik tərkibinə görə polimikt (müxtəlif tərkibli çaqıllardan), oliqomikt (2–3 süxurun çaqıllarından) və monomikt (bircinsli çaqıllardan) olur. Ç.d.-ları dağ çaylarının yataqlarında, nadir hallarda düzənlik çaylarında və fırtınalı açıq dəniz sahillərində (Ç.d.-lı plyajlar) yaranır. Çaqılların petroqrafik tərkibinin analizi aşınmış dağları, dağılmış vulkanları, onların gətirilmə mənbələrini bərpa etməyə və kəsilişlərin strtiqrafik müqayisəsinə imkan yaradır. Tikinti materialı (xüsusilə yol tikintisində) və beton doldurucusu kimi işlədilir; nadir hallarda qızıllı olur. Sementləşmiş Ç.d. konqlomerat adlanır.