ÇAYARASI (Entre-Rios) – Cənubi Amerikanın Daxili düzənliklərində, Argentinanın şm.-ş.-ində təbii vilayət. Parana və Uruqvay çayları arasında (27° və 34° c.e.-ləri arası) yerləşir. Səthi alçaq (hünd. 50 –110 m) allüvial düzənliklərdən ibarətdir; şm. hissəsini göl və bataqlıqlar, mərkəzini və c.-nu səthi çay dərələri ilə parçalanmış düzənliklər və xırda təpəliklər tutur. İqlimi subtropik, rütubətlidir. Yayı isti (yanvarın orta temp-ru 24–27° C), qışı yumşaqdır (iyulun orta temp- ru 10 –17° C), soyuq c.-q. küləkləri (pampero) zamanı –5°C-yədək düşür. Yağıntının ortaillik miqdarı 1000 –1700 mm-dir. Ç.-nın q. hissəsində Parana çayında tez-tez fəlakətli daşqınlar olur. Torpaq örtüyünü, əsasən, hidromorf torpaqlar təşkil edir. Parana və Uruqvayın geniş çaybasarlarında bataqlıq və çəmənliklərlə növbələşən həmişəyaşıl ağac növlərindən ibarət qalereya meşələri, qalan ərazilərdə kolluqlar, sıx və hündür dənli bitkilər yayılmışdır. Əhalinin sıx məskunlaşdığı yerlərdə antropogen landşaftlar (mal-qara üçün otlaqlar, düyü, çay, tütün plantasiyaları, şam və evkaliptdən ibarət süni meşəsalma sahələri və s.) üstünlük təşkil edir. 20 əsrin əvvəlində bataqlıqların böyük hissəsi qurudulmuşdur. Qalan su-bataqlıq sahələrində bir çox nadir heyvan növləri (uzunquyruq susamuru, bataqlıq maralı, Amerika timsahı) məskunlaşmışdır. Ç.-nda, əsasən, Parana və Uruqvayın çaybasarla- rında 10-dan çox qorunan kiçik təbii ərazi (El-Palmar, Pre-Delta milli parkları) var. Argentinanın qorunan ən iri ərazilərindən biri – İberiya əyalət təbiət qoruğu Ramsar konvensiyası çərçivəsində qorunan beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələrinə daxil edilmişdir.
Əd.: Лукашова Е.Н. Южная Америка. Физическая география. М., 1958.