ÇÖKMӘ ÖRTÜK, P l a t f o r m a ö r t ü y ü – platformaların üst struktur mərtəbəsini təşkil edən zəif dislokasiyaya uğramış çökmə süxurlar qatı; tərkibində kontinental və sahilyanı dayazlıqların qumlugilli, karbonatlı və halogen çöküntüləri üstünlük təşkil edir. Bəzi ərazilərdə (məs., Sibir, Hindistan platformalarında) Ç.ö.-də sillər və dolerit, qabbrodiabaz (traplar) daykaları ilə müşayiət olunan platobazaltlar, yaxud qələvi bazaltlar, tuflar da iştirak edir. Örtüyün özülündə bəzən turş tərkibli vulkanik əmələgəlmələr (Aldan qalxanı və s.) olur. Ç.ö. platforma tipli azmeyilli strukturlarla – monoklinallar, anteklizlər və sineklizlərlə mürəkkəbləşmişdir. Örtüyün qalınlığı anteklizlərin tağ hissələrində 2 km-dən az, sineklizlərin mərkəzi hissələrində 3–5 km və daha çoxdur; dərin platforma çökəkliklərində (məs., Şərqi Avropa platformasında Xəzəryanı sineklizi) bu qalınlıq 20 km-ə çatır. Ç.ö. aşağı struktur mərtəbədən (plat formanın özülündən), adətən, kəskin regional qeyriuyğunluqla ayrılır. Nadir hallarda özüllə örtük arasında cavan platformalara xas olan aralıq mərtəbəsinin çöküntüləri yerləşir. Neft, təbii yanar qaz, daş və qonur kömür, yanar şist, torf, çökmə dəmir filizi, boksit, fosforit, daşduz və kalium duzu, müxtəlif təbii tikinti materialları və onların istehsalı üçün xammal yataqları Ç.ö.-lə əlaqədardır.