ÇÖKMӘ SÜXURLAR – quru səthində və ya müxtəlif su hövzələrində əvvəl mövcud olmuş süxurların (çökmə, maqmatik, meta morfik) və orqanizm qalıqlarının pozulma məhsullarının toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Müasir okean çöküntülərində və qədim Ç.s.-da kosmik materiala da (nikelli dəmirin xırda kürəcikləri, maqnetit kristalları və s.) təsadüf edilir. Ç.s. tərkibindən və əmələgəlmə şəraitindən asılı olaraq qırıntı, kimyəvi və orqanogen (biogen) süxurlara ayrılır. Ç.s. lay, təbəqə, linza və s. müxtəlif forma və ölçülü geol. kütlələr əmələ gətirir; əsasən, tərkibinə və mənşəyinə görə təsnif edilir. 10-dan çox Ç.s. qrupu ayrılır: qırıntı, gilli, qlaukonitli, fosfatlı, silisiumlu, karbonatlı, duzlar, kaustobiolitlər və s. Әsas qruplardan əlavə qarışıq tərkibli (qırıntıkarbonatlı, karbonatlısilisiumlu və s.), həmçinin vulkanogençökmə (çökmə qırıntı materialla bərk vulkan tullantıları məhsullarının qarışığı) süxurlar da mövcuddur. Ç.s.ın yer səthində əmələ gəlməsi və yerləşməsi iqlim və tektonik şəraitlə müəyyən edilir. Ç.s. Yer qabığı kütləsinin təqr.10%ini təşkil edir və Yer səthinin 75%-ini örtür. Ç.s.-ın kütləsinin 500 mln. km3-i materiklərdə, 190 mln. km3-i materik yamacla rında, 250 mln. km3-i okeanların dibində toplanmışdır. Faydalı qazıntıların 75%-indən çoxu (kömür, neft, duzlar, dəmir, man qan, alüminium filizləri, qızıl və platin səpintiləri, tikinti materialları və s.) Ç.s.-dan hasil edilir.