ÇEKANÓVSKİ Aleksandr Lavrentyeviç (24.2.1833, indi Ukraynanın Ternopol vil.-ndə Kremenets ş. – 30.10.1876, Peterburq) – Orta Sibirin tədqiqatçısı. Milliyətcə polyakdır. 1863–64 illərdə Polşa qiyamında iştirakına görə Sibirə sürgün olunmuşdur. Rusiya Coğrafiya Cəmiyyəti Sibir şöbəsinin tapşırığına əsasən 1869–71 illərdə İrkutsk qub.-nın c.-unda geol. tədqiqatlar aparmışdır. Aşağı Tunquska çayı r-nunun (1873), Lena çayının aşağı axınının və xüsusən Olenyok çayı hövzəsinin (1874–75) geol.-sı barədə müfəssəl məlumatlar toplamışdır. Aşağı Tunquska r-nunda daş kömür və qrafit yataqlarını kəşf etmişdir. 1876 ildə onun Peterburqa gəlməsinə icazə verilmiş və o, burada tədqiqat apardığı ərazilərin coğrafiya, geol. və paleontologiyası üzrə topladığı materiallar üzərində işləməyə başlamışdır. Lena və Olenyok çayları arasındakı tirə Ç.-nin şərəfinə adlandırılmışdır.
Əd.: Клеопов И. Л. Александр Лаврентьевич Чекановский. 1833–1876. Л., 1972.