DAĞISTÁN DÖVLӘT TӘBİӘT QORUĞU – Dağıstanda, Xəzər dənizinin şm.-q. sahilindədir. Sah. 190 km2 (o cümlədən 0,093 km2 dəniz akvatoriyası). 1987 ildə Qızlar körfəzi sahəsinin və nadir təbiət törəməsi Sarıqum barxanının qorunması və öyrənilməsi məqsədilə yaradılmışdır. Qızlar körfəzinin sahil zolağını çoxlu limanlarla parçalanmış alçaq düzənliklər tutur. Körfəzdə zəngin su bitkisi, sualtı çəmənlər var. Quruda sahil cilliyinin, çəmənbataqlıq və çəmənşorakətli bitkilərin yarımsəhra və səhra bitkiləri ilə növbələşməsi müşahidə olunur. Sahil qumlarında psammofit (hərəkətli qumların bitkisi) və çöl bitki növləri yayılmışdır. Florasına təqr. 280 bitki növü, o cümlədən qovaq, iydə, yalançı akasiya, qamış, pişikdili, həmçinin RF-nin Qırmızı kitabına daxil edilmiş süsən, adi qılıncotu və su findığı daxildir. Qızlar körfəzinin qamışlıqlarında qaban, qamışlıq pişiyi, iqlimə uyğunlaşdırılmış yenotabənzər it, qunduz, ondatra məskunlaşmışdır. Çöllərində tülkü, korsak, canavar, safsar səciyyəvidir; sayqaka, barxanlarda yekəqulaq kirpiyə rast gəlinir. Təqr. 100 növ su və sahil quşları (böyük anqut, böyük qarabatdaq, qaşqa qaz, ördək və s.) və xeyli quru quşları (belibağlı, qırğı, göyərçin, qara keçəl kərkəz, müşgül və s.) müşahidə olunur. Körfəzdə qaşqaldaq, qu qaz, bizquyruq və s. qışlayır. Qərbi Xəzər miqrasiya yolunda RF-nin Qırmızı Kitabına daxil edilmiş qızılqaz, qutan, sultan toyuğu, bəzgək, dovdaq qeydə alınmışdır. Sürünənlərdən bağailanı, boa, gürzə və Qafqaz kələzinə rast gəlinir. Körfəzdə nərə balığı var.
Даьыстан Дювлят Тябият Горуьу. Сарыгум барханы.