ÇÉPİKOV Konstantin Romanoviç (25.12.1900, Smolensk vil. – 24.7.1989, Moskva) – rus geoloqu. SSRİ EA m. üzvü (1953), SSRİ Dövlət mükafatı laureatı (1946). Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir (1929). Neft sənayesinin elmi-tədqiqat və istehsalat təşkilatlarında (1929–39; 1930–32 illərdə Neft Geoloji-Kəşfiyyat İn-tunun direktoru), SSRİ EA Geologiya Elmləri İn-tunda (1939–54; 1947 ildən neft laboratoriyasının müdiri), SSRİ EA Neft İn-tunda (1954–57 illərdə direktor müavini, 1957 ildən laboratoriya müdiri) çalışmışdır. Elmi əsərləri stratiqrafiya, litologiya, tektonika, kollektor süxurların formalaşma şəraiti, neft və qazın miqrasiyası, Şimali Qafqazın, Volqa-Ural vil.- nin, Sibirin, Saxalinin neftlilik-qazlılıq perspektivliyi məsələlərinə həsr olunmuşdur. Oktyabr İnqilabı ordeni və medallarla təltif edilmişdir.