ÇERNIŞOV Feodosi Nikolayeviç (24.9.1856, Kiyev – 15.1.1914, Peterburq) – rus geoloqu və paleontoloqu. Peterburq EA akad. (1909). 1880 ildə Peterburq Dağ-Mədən İn-tunu bitirmişdir. 1882 ildən Geologiya komitəsində (1903 ildən direktor) işləmişdir. 1900 ildən Peterburq EA Geologiya muzeyinin direktoru olmuşdur. Ç. Uralın Paleozoy çöküntülərinin stratiqrafiyasını tərtib etmiş, qütbarxası ərazilərdə (Timan təpəliyi, Novaya Zemlya və Şpitsbergen arxipelaqları) apardığı tədqiqatlar nəticəsində Devon və Üst Karbonun faunasına görə bir sıra paleontoloji məlumatları ümumiləşdirmişdir. O, Uralın ş. yamacında petroqrafik tədqiqatlar aparmış və bu ərazidəki kristallik şistlərin Silur və Devonun çökmə süxurlarının metamorfizləşməsi nəticəsində yaranması qərarına gəlmişdir. Onun rəhbərliyi ilə 1892 ildə Donbasın geol. planaalınmasına başlanmışdır. Qütb Uralında tirəyə, Baykalarxasında silsiləyə, Novaya Zemlyada buzlaq və dağa, Taymır y-a-nda buxtaya Ç.-un adı verilmişdir.