ÇEYİLAXTARMA STRUKTURU – Azərb. Resp. Qobustan r-nu ərazisində, Şamaxı-Qobustan neftli-qazlı r-nunda, Umbakı neft yatağından 12 km şm.-da yerləşir. Sahədə 1953–54 illərdə struktur- axtarış qazma işləri aparılmış, qırışığın geol. quruluşu 500–1200 m-yə qədər (Maykop) öyrənilmişdir. Qırışıq tağ hissədən uzununa keçən qırılma və Çeyilaxtarma palçıq vulkanı ilə mürəkkəbləşmiş braxiantiklinal quruluşa malikdir. Şm. qanadda layların yatım bucağı 60–70°, c. qanadda 35–40°-dir. Strukturun ölçüləri 12x4 km, hünd. 700–800 m-dir; neft-qazlılıq perspektivliyi Üst Tabaşir və Üst Maykop çöküntüləri ilə əlaqələndirilir.