DALVERZİN ÇÖLÜ – Özbəkistan və Tacikistan ərazilərində, Fərqanə vadisində düzənlik. Sırdərya çayının sağ sahilindədir. Ş.-dən Kurami silsiləsinin qolları ilə əhatələnir. Səthi düz, bəzi yerlərdə təpəlidir. Allüvial-çəmən və boz torpaqlar yayılmışdır. D.ç. yazda efemer bitkilərlə örtülü olur; dağlara yaxın yerlərdə bunları müxtəlif otlu çöl bitkiləri əvəz edir. D.ç.-nün geniş sahəsi Fərhad su anbarı vasitəsilə suvarılır. Pambıq yetişdirilir. Bağçılıq, qoyunçuluq inkişaf etmişdir.