DAMAR, g e o l o g i y a d a – filizlərin və maqmatik süxurların yatım forması. Yer qabığında çatların hidrotermal məhlullardan ayrılan mineral maddələrlə dolması və ya maqmanın çatlarda kristallaşması nəticə sində əmələ gəlir. D.-lar formasına görə sadə (məs., plitəvarı) və mürəkkəb (pilləvarı, şaxəli, linzavarı, yəhərvarı və s.) olur. Tamamilə, yaxud çox hissəsi filiz minerallarından ibarət D.-lar filiz damarları adlanır. Yan süxurlarla uyğun yatan və ya onları kəsən D.ları ayırırlar. Faydalı qazıntı D.-ının uzunluğu bir neçə yüz km-ə qədər ola bilər (Kaliforniyada qızıl filizi D.-ları); dərinliyə doğru 3 km-ədək izlənilən D.-lara rast gəlinir (Hindistanda Kolar yatağında). Qızıl, gümüş, qurğuşun, sink, volfram, qalay, civə, molibden, kobalt və s. metalların D. tipli yataqları var.