DAMAR SÜXURLAR – dərinlik massivləri ilə (intruziyalarla) əlaqədar damar və ya dayka formalı süxurlar. D.s., adətən, porfirəbənzər quruluşludur və əsas kütləsi tam kristallik, nadir halda şüşəyəbənzərdir. Asxist (tərkibcə dərinlik süxurlarının analoqu olub, onlardan struktur və yatım formasına görə fərqlənir) və diasxist (dərinlik süxurlarını müşayiət edir, lakin tərkibcə onlardan kəskin fərqlənir) süxur qruplarına ayırırlar. Adətən hər bir intruziv süxur tipinin özünəməxsus D.s.-ı olur; məs., qranit massivlərində və onların ətrafında aplitlər və peqmatitlər, bəzən lamprofirlər intişar tapmış olur. D.s. Azərb. Resp.-nın Böyük Qafqaz və Kiçik Qafqaz sahələrində çoxdur.