DÁNA, D e n a C e y m s (12.2.1813, Yutika, Nyu-York ştatı – 14.4.1895, Nyu-Heyven, Konnektikut ştatı) – Amerika geoloqu, Peterburq EA-nın xarici m. üzvü (1858). Nyu-Heyvenddə Yelsk Un-tini bitirmiş (1833) və oranın prof.-u (1855–92) olmuşdur. Mineralların kimyəvi təsnifatının (1837; 19 əsrin sonlarınadək istifadə olunmuşdur) müəllifidir. Şimali Amerikanın Tabaşir dövrünün ilk paleocoğrafi xə ritəsini tərtib etmiş (1863), qədim çöküntülər qrupunun “arxey” adlandırılmasını (1872), “geosinklinal” və “geoantiklinal” terminlərini təklif etmişdir (1873). Yer qabığında iri çökəklərin və qırışıqlıqların əmələgəlmə prosesini tektonik cəhətdən (Yer kürəsinin soyuması və sıxılması nəticəsində yer qabığının yığılması) izah etmişdir.