ÇİGİL-DƏNİZ STRUKTURU – Xəzər dənizinin Azərb. sektorunda, Bakı arxipelaqı neftli-qazlı vil.-ində, Bakı ş.-ndən 95 km c.-da, Bəndovan burnundan 25 km c.-ş.-də yerləşir. Strukturun yerləşdiyi sahədə dənizin dərinliyi 10–30 m-ə kimi dəyişir. 1952 ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmişdir; şm.-q. – c.-ş. istiqamətdə uzanan asimmetrik antiklinaldan ibarətdir. C.-q. qanadda layların yatım bucağı 20– 22°, şm.-ş. qanadda isə 10–12°-dir. Dərinliyə getdikcə yatım bucaqları daha da çoxalır. Məhsuldar qatın yuxarıları və Akçaqıl-Abşeron çöküntülərində Çigil-dəniz qırışığı struktur “buruna” çevrilir, tağ hissəsi palçıq vulkanı ilə mürəkkəbləşir. Məhsuldar qata görə strukturun ölçüləri 6x2,5 km, amplitudası 300 m-dir. Strukturun geol. kəsilişində Məhsuldar qat, Akçaqıl, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir; neft-qazlılıq perspektivliyi Məhsuldar qatın V, VІІ və VІІІ horizontları ilə əlaqələndirilir.