D’ANVİL (d’Anville) Jan Batist (11.7.1697, Paris – 28.1.1782, elə orada) – fransız coğrafiyaçısı və kartoqrafı, Paris EA-nın üzvü (1773), Peterburq EAnın fəxri üzvü (1749). Dövrünə görə dəqiqliyi ilə fərqlənən 200-dən çox coğrafi xəritə və planlar tərtib etmişdir (V.İ. Berinqin ilk səyahət xəritəsi, 1732; Baş atlas, 1736–87; Çinin Yeni atlası, 1737; Ş. Rollenin “Qədim tarix” kitabına aid xəritələri, 1730–38 və s.). Qədim coğrafiyanı (o cümlədən Misir, Roma, Hindistan və Rusiyanın coğrafiyasını) öyrənmişdir; köhnə uzunluq ölçülərinin müqayisəli tədqiqini aparmışdır; Fransa kral kitabxanası tərəfindən alınmış (1779) qiymətli xəritələr kolleksiyasını (10500 ədəd) toplamışdır.