DÁRRELL (Durrell) Cerald Malkolm (7.1.1925, Hindistan, Cəmşidpur – 30.1. 1995, B. Britaniya, Cersi a.) – ingilis yazıçı animalisti, səyyah, zooloq. L. Darrellin qardaşıdır. Mühəndis ailəsində anadan olmuş, uşaqlığını Korfu a.-nda (Kerkira) keçirmişdir. Sistematik təhsil almamışdır. Bedfordşir qraflığının Uipsneyd zooparkında nəzarətçi köməkçisi işləmişdir (1939). Nadir fauna kolleksiyası toplamaq məqsədilə Afrika, Cənubi Amerika və Avstraliyaya ekspedisiyalar təşkil etmişdir. Cersi a.-nda zoopark (1959) yaratmış və vəhşi təbiəti mühafizə fondunu (1963) təsis etmişdir. Kameruna səyahət haqqında yazdığı ilk kitabı (“Həddindən artıq yüklənmiş nicat gəmisi”, 1953) ona populyarlıq qazandırmışdır. Şəxsi təcrübəyə əsaslanan, maraqlı süjeti, təsirli üslubu, incə yumoru ilə seçilən “Edvençerədək üç bilet” (1954), “Ailəm və digər heyvanlar” (1956), “Sərxoş meşənin örtüyü altında”(1956), “Xışıltılar torpağı” (1961), “Zoopark mənim baqajımda” (1964) kitabları D.-ə məşhurluq gətirmişdir. D. “Kolluqda ikisi” (1962), “Həvəskar təbiətçi” (1982), “Darrell Rusiyada” (1986) elmikütləvi telefilmlərin yaradıcısıdır.