DÁRRELL (Durrell) Lorens Corc (27.2.1912, Hindistan, Darjilinq – 7.11.1990, Fransa, Somyer) – ingilis yazıçısı. C. Darrellin qardaşıdır. Hindistan və İngiltərənin özəl məktəblərində (1923–30) oxumuşdur. İsgəndəriyyədə Britaniya konsulluğunun əməkdaşı (1941–47), Belqradda Britaniya səfirliyinin mətbuat katibi (1949–52), Nikosiyada ictimaiyyətlə əlaqələr üzrə zabit (1952–56) olmuşdur. Әdəbi debütü “Qəribə fraqment: 16–19 yaşlarında yazılmış şeirlər” (1931) toplusudur. H.Millerin təsiri altında yazdığı “Qara kitab: Çəkişmə” (1938) romanını D., ədəbi yaradıcılığının əsl başlanğıcı hesab edirdi. “İsgəndəriyyə kvarteti” tetralogiyasının (“Justina”, 1957; “Baltazar”, 1958; “Mauntoliv”, 1958; “Klea”,1959) nəşri D.-ə böyük şöhrət qazandırdı. İlk üç romanında D. İkinci dünya müharibəsi ərəfəsində İsgəndəriyyədəki həyatı müxtəlif nöqteyinəzərdən təsvir etmişdir. “Afroditanın qiyamı” dilogiyası (“Tunc”, 1968; “Nunquam”, 1970) müasir cəmiyyətdə mədəniyyət problemlərinə həsr olunmuşdur. “Monsenyor, yaxud Cəhalət knyazı” (1974), “Liviya, yaxud Diridiri basdırılmış” (1978), ”Konstans” (1982), “Sebastyan, yaxud Hər şeyə üstün gələn ehtiraslar”(1983) romanları D. yaradıcılığının “Avinyon kvinteti” silsiləsinə daxildir. Adalar haqqında liriketnoqrafik oçerkləri var.