DARVİN SAYI (KÜPӘSİ) NEFT-QAZ YATAĞI – Xəzər dənizinin Azərb. sektorunda, Abşeron arxipelaqı neftli-qazlı r-nunda, Bakı ş.-ndən 40 km şm.-ş.-də, Pirallahı a.-ndan 6 km şm.-da yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 10–25 m arasında dəyişir. Sahədə 1934–38 illərdə struktur xəritəyəalma və dəniz elektrik kəşfiyyat işləri aparılmışdır. Darvin sayı tektonik cəhətdən Darvin sayı–Pirallahı adası–Gür gandəniz–Cənub antiklinal xəttində yerləşir və asimmetrik braxiantiklinal qırışıqdır. Qırışıq meridional istiqamətdə uzanır, Pirallahı qırışığı ilə dirsəkvarı birləşir, q. qanadı ş. qanadına nisbətən dikdir. Strukturun amplitudası 50 m-dən 200 m-ə qədər dəyişir. Xəritəyəalma və kəşfiyyat qazması məlumatlarına, eləcə də aeroplanalmaya görə qırışıq bir çox eninə və uzununa qırılmalarla mürəkkəbləşmiş və bu qırılmalar onu 6 tekonik sahəyə bölmüşdür. Struktur Qırmakialtı lay dəstəsinin tavanına görə 1100– 1900 m izoxətt üzrə qapanır, ölçüləri 13,5×3,5 km təşkil edir. Sahədə axtarış kəşfiyyat qazmasına 1949 ildə başlanılmışdır. Yataq 1950 ildə açılmış (quyu № 735, Qala lay dəstəsi, 3 t/gün neft), həmin ildə də istismara verilmişdir. Yatağın kəsilişində qalınlığı 2600 m-ə çatan Miosen– Dördüncü dövr çöküntüləri iştirak edir. Yatağın əsas neftli-qazlı obyektləri Qırmakialtı və Qırmaki lay dəstələridir. Kollektorların məsaməliliyi 24–26%, keçiriciliyi 0,21 mkm2-dir. Neftin sıxlığı 924 kq/m3, tərkibində parafinin miqdarı 0,70%, asfaltenlər 0,80%, qatran 9%dir. İşlənmənin əvvəlindən 1.1.2011 ilə qədər cəmi 16,9 mln. t neft, 1,4 mlrd. m3 qaz hasil edilmişdir.