DAŞGİL NEFTQAZ YATAĞI – Azərb. Resp. Qaradağ r-nu ərazisində, Şamaxı Qobustan neftli-qazlı r-nunda, Bakı ş.-ndən 60 km c.-q.-də yerləşir. 1949–50 illərdə sahədə struktur xəritəyəalma, 1961 ildə qravimetriya, sonrakı illərdə seysmik işlər aparılmışdır. Struktur tektonik cəhətdən en istiqamətində uzanan braxiantiklinaldan ibarətdir; layların yatım bucağı şm. qanadda 5–15°, c. qanadda 25–30° təşkil edir; amplitudası 50–500 m arasında dəyişir. Daşgil qırışığı hüdudlarında yersəthində çoxlu sayda neft-qaz çıxışları müşahidə olunur. Sahədə axtarış-kəşfiyyat qazma işlərinə 1950 ildə başlanılmışdır. Yataq 1955 ildə açılmış (quyu № 15, Məhsuldar qatın VІІ horizontu, 75–100 t/gün neft) və həmin ildə də istismara verilmişdir. Sonrakı illərdə V horizontdan da neft-qaz axını alınmışdır. Yatağın geol. quruluşunda Diatome lay dəstəsi, Pont mərtəbəsi, Məhsuldar qat, Akçaqıl, Abşeron, Dördüncü dövr çöküntüləri iştirak edir. Kollektorların məsaməliyi 19%, keçiriciliyi 0,20 mkm2-dir. Neftin sıxlığı 910 kq/m3, tərkibində parafinin miqdarı 0,6%, asfaltenlər 2,4–4%, qatran 28%-dir. İşlənmənin əvvəlindən 1.1.2011 il tarixinə cəmi 330 min t neft, 35 mln. m3 qaz hasil edilmişdir.