DAŞQIN – çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin müvəqqəti qalxması nəticəsində sahil zonalarının su altında qalması. D. təbii fəlakətdir; təkrarolunma və yayılma sahəsinə görə dünyada 1-ci yerdədir. İnsan tələfatı (zəlzələlərdən sonra 2-ci yer), iqtisadi və ekoloji ziyanlarla müşayiət olunur. D.-ları təbii, antropogen (texnogen), təbii antropogen növə ayırırlar. Təbii D.-lar qar və buzlaqların əriməsi, yağışların bolluğu, çaylarda buz tıxacının yaranması, sürüşmələrin çay və digər su hövzələrinə gətirdiyi böyük həcmdə torpaq, qar və buz kütlələri, göl, dəniz akvatoriyalarında dalğaların sahilə qovulması, həmçinin sunamilər nəticəsində yaranır. Antropogen D.-lar əksər hallarda hidrotexniki qurğuların hər hansı bir səbəbdən (tikintisində keyfiyyətsiz materialların istifadəsi, istismarında yol verilən səhvlər, hərbi müdaxilə, yaxud terror aktları) dağılması nəticəsində baş verir. Təbii-antropogen D.-lar həm təbii, həm də antropogen amillərin qarşılıqlı təsirindən yaranır. Yer kürəsində baş verən D.-lar içərisində musson yağışlarının yaratdığı D.-lar üstünlük təşkil edir. 1887 ildə Xuanxe çayında suyun səviyyəsi 20 m qalxmış, 300 yaşayış məntəqəsi su altında qalmış, 1 mln.-dan çox insan ölmüşdür. 1970 ildə Qanq çayında baş verən D. 500 mindən 1,5 mln.-a dək (dəqiq say məlum deyil) insan tələfatına səbəb olmuşdur. İntensiv yağışlar dənizdən əsən küləklərlə müşayiət olunduqda D.-lar daha dağıdıcı qüvvəyə malik olur, belə ki, 1737 ildə Hindistanda Benqal körfəzindən əsən güclü külək Xuqli çayı mənsəbində təqr. 300 min insanın ölümünə səbəb olmuşdur. 1963 ildə İtaliyada Pyave çayındakı Vayont su anbarına qaya uçqunu 70 m qalınlığında su layının bəndi aşmasına səbəb olmuşdur; bənd dağılmasa da, bir sıra yaşayış məntəqələri daşqına məruz qalmış, 3 mindən çox insan tələf olmuşdur. 1889 ildə ABŞ-da Constaun ş.-ndə (Pensilvaniya ştatı) Konemo çayı üzərindəki Saut-Fork bəndinin dağılması 2,2 min insanın ölümü ilə nəticələnmişdir. Sunamilərin yaratdığı D.-lar daha dağıdıcı olur. 2004 ilin dekabrında Hind okeanı sahillərinə saatda 1000 km sürətlə hərəkət edən dalğalar 300 minədək insanın həyatına son qoymuş, Cənub-Şərqi Asiya ölkələrinə 20 mlrd. dollar həcmində ziyan dəymişdir.
“Катрина” гасырьасы нятиъясиндя Нйу-Орлеан шящяринин (АБШ, Луизиана) дашгына мяруз галмасы. 2005 ил.
Ölçülərinəvə vurduğu ziyana görə D.-lar, əsasən, ABŞ-ın Dartmut Daşqın Ob servatoriyasının tərtib etdiyi təsnifata əsaslanır; 1985 ildən nisbətən iri D.-ların Qlobal kadastrı aparılır. Bu kadastra əsasən 1985– 2008 illər ərzində dünyada 3467 D. qeydə alınmışdır. Bunun 1660-ı Asiyada, 588i Şimali və Mərkəzi Amerikada, 482-si Afrikada, 329-u Avropada, 260-ı Cənubi Amerikada, 148-i Avstraliya və Okeaniyada baş vermişdir. Әn çox D. ABŞ-da (338), Çində (311), Hindistanda (190), İndoneziyada (149), Filippində (139), Vyetnamda (100), RF-də (97) qeydə alınmışdır. Bu müddət ərzində baş vermiş D.ların vurduğu ziyan 2000 mlrd. dollardan çox olmuşdur; su altında qalmış ərazilərdən 642 mln. insan köçürülmüş, 580 min adam həlak olmuşdur. D.-dan qorunmaq və onun vurduğu ziyanı azaltmaq üçün D.-ın proqnozlaşdırılması təkmilləşdirilir, çayların axınını tənzimləmək məqsədilə onların üzərində hidrotexniki qurğular, su anbarları yaradılır, D. təhlükəsi olan zonalarda əhali qabaqcadan xəbərdar edilir.
Əd.: Н е ж и х о в с к и й Р.А. Наводнения на реках и озерах. Л., 1988; Д о б р о в о л ь с к и й С.Г., И с т о м и н а М.Н. Наводнения мира. М., 2006; Т а ра т у н и н А.А. Наводнения по континентам и странам мира. Екатеринбург, 2011.