DÁYNOSOR MİLLİ PARKI – Kanada nın Alberta əyalətindədir. Sah. 75 km2. 1955 ildə yaradılmışdır. Red-Dir çayı boyunca söyüd kolluqları və nadir qovaq ağacları bitir. Çay dərəsindən kənarda landşaft alçaqotlu quru çöllərdən ibarətdir; saysız erozion çatlar üstünlük təşkil edir. İtitilli yallar, alçaq masa dağlar, yumru günbəzli piramidalar və sütunlardan ibarət labirint antik şəhərlərin xarabalıqlarını xatırladır. Parkın ərazisi nəhəng dinozavrların (təqr. 40 növ) və çoxlu digər nəsli kəsilmiş heyvanların, o cümlədən balıq və tısbağaların özünəməxsus “məzarlığıdır”. Hal-hazırda parkın ərazisində ağquyruq və qaraquyruq marallar, haçabuynuzlar, canavar, vaşaq və s.; 150-dən çox quş növü məskunlaşmışdır. Park Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Дайнoсор Милли Паркы.