DӘLLӘKLİ – İrəvan xanlığının Qırxbulaq mahalında (9.9.1930 ildən Kotayk, 12.10.1961 ildən Abovyan r-nu), Zəngi çayının yuxarı axarında, Hadis d.nın ətəyində azərb.-ların yaşadığı kənd. 1826–28 illər Rusiya-İran müharibəsi zamanı kənd dağıdılmış, əhalisi qovulmuşdur. Bir müddət sonra kəndin sakinləri geri qayıtmış və kənddə yenidən məskunlaşmışlar. 1918–20 illərdə erməni-daşnak hücumları nəticəsində kəndin azərb. əhalisi qəddarlıqla qovulmuş, burada Türkiyədən gəlmə ermənilər yerləşmişdir. 1922 ildə kəndin azərb. əhalisinin bir hissəsi geri qayıtsa da, 1948–49 illərdə Azərb.-a deportasiya olunmuşdur. 21.7.1948 ildə kəndin adı dəyişdirilərək Zovaşen qoyulmuşdur.