DӘMİR FİLİZLӘRİ – tərkibindən dəmirin alınması texniki cəhətdən mümkün, iqtisadi cəhətdən məqsədəuyğun hesab edilən mineral aqreqatlar. Әsas sənaye əhəmiyyətli mineralları: maqnetit, martit, hematit, hötit, hidrohötit, siderit, şamozit, türingit. D.f. saf–monomineral, çox vaxt isə faydalı (Ni, Co, Mn, W, Mo, Cr, V) və zərərli (S, P, Zn, Pb, As, Cu) elementlərin qatışığı ilə olur. Sənaye əhəmiyyətli filizlərdə dəmirin miqdarı 30%-dən çox, zərərli qatışıqların yol verilən miqdarı isə 0,1–0,3%-dən çox olmamalıdır.
D.f. yataqları mənşəyinə görə metamorfogen, ekzogen və maqmatogen olur. D.f. hasilatının təqr. 71%i Kembriyəqədər yaşlı maqnetithematit filizlərinin metamorfogen yataqlarından, 21,4%i ekzogen yataqlardan, 7,6%i maqmatogen yataqlardan hasil olunur. Ehtiyatına görə unikal (1 mlrd. t-dan yuxarı), iri (0,5–1,0 mlrd. t), orta (yüzlərlə mln. t) və kiçik (onlarla mln. t) yataqlarını ayırırlar.
D.f.-nin dünya üzrə (130 ölkə üzrə) ehtiyatı təqr. 1400 mlrd. t-dur (2004). Bu nun 31,5%-i Cənubi və Şimali Amerikada, 30,4%-i Avropada, 16,3%-i Asiyada, 12,3%-i Avstraliya və Okeaniyada, 9,5%-i Afrikada cəmlənmişdir. Böyük ehtiyatları (mlrd. t-la) Rusiyada (264), Braziliyada (200), Avstraliyada (165), ABŞda (110), Hindistanda (100), Kanadada (100) və Çindədir (90). Azərb.-da da D.f.-nin yatağı var (bax Daşkəsən dəmir və kobalt yatağı). D.f.-nin təsdiq olunmuş böyük ehtiyatları (95 ölkə üzrə) 172,9 mlrd. t-dur və, əsasən, Kursk maqnit anomaliyasında (RF), Krivoy Roq dəmir filizi hövzəsində, Kremençuk maqnit anomaliyasında (Ukrayna), Hamersli dəmir filizi hövzəsində (Avstraliya) toplanmışdır. Hər il dünyada 1 mlrd. t-dan çox D.f. hasil olunur. D.f.-nin çoxundan polad, çuqun və ferroərinti alınmasında istifadə edilir.