DӘMİRLİ KVARSİT – hemogen-çökmə və ya vulkanogen-çökmə kvarslı-dəmirli süxurların dəyişməsindən yaranan, əsasən, kvars, maqnetit və hematitdən ibarət metamorfik süxur; laylı quruluşa malikdir. Kembriyəqədər yaşlı süxurlar içərisində geniş yayılmışdır. Rəngi boz, qırmızımtıl-bozdur; layların qalınlığı 0,1–20 mm arasındadır. Sıxlığı 3240–4290 kq/m3. Kimyəvi tərkibi: SiO2 30–70%, FeO 5–20%, Fe2O3 10–40%, digər komponentlər 1–2%. Dəmirin miqdarı 30%-dən yuxarı olduqda sənaye əhəmiyyətli dəmir filizlərinə aid edilir. D.k.-in ən geniş yayılmış növləri cespilitlər, itabiritlər və takonitlərdir. Kəşf olunmuş dəmir filizi ehtiyatının 60%-dən çoxu və dünya üzrə hasilatın təqr. 70%-i D.k.-lərlə əlaqədardır. İri yataqları ABŞ, Kanada, Braziliya, Zimbabve, CAR, Avstraliya, Hindistan, RF, Ukraynadadır.