DӘMİRLİ SÜXURLAR, e k z o g e n f e r r o l i t l ə r – yarıdan çox dəmirli minerallardan (dəmirin oksidləri, hidroksidləri, karbonatları, silikatları, sulfidləri) təşkil olunmuş çökmə süxurlar qrupu. Mineraloji tərkibinə görə D.s.-ı ferrooksidolitlərə, ferrokarbonatolitlərə, silikat ferrolitlərinə və ferrosulfidolitlərə ayırırlar. Adətən D.s.-ı dəmir filizləri adlandırırlar (məs., limonit dəmir filizi, siderit dəmir filizi, şamozit dəmir filizi). D.s.-ın rəngi qonur, sarımtıl qonur, qırmızımtılqonur, qırmızı, qara (ferrooksidolitlər), boz, qonuruboz (ferro karbonatolitlər), yaşılımtıldır (silikat ferrolitləri). D.s., əsasən, kövrək olur, əllə rahat ovulur; dəmirlə zəngin maqmatik və digər süxurların, sulfid filizlərinin kimyəvi aşınması nəticəsində yaranır; hidrotermal metasomatik yolla əmələ gələn D.s. da var (məs., ferrokarbonatolitlər). D.s. lay (qalınlığı 200–400 m-ədək), linza və yuvalar, həmçinin konkresiyalar şəklində yatırlar. Әksər D.s.-ın formalaşması aşınma qabığı məhsullarının dəniz və gölbataqlıq hövzələrində mexaniki və kimyəvi çökdürülməsi ilə əlaqədardır; bu səbəbdən dəniz, göl, bataqlıq dəmir filizlərini ayırırlar. Konkresiya ferrolitləri çöküntülərin postsedi mentasion dəyişmə mərhələsində yaranır.