ДЯНИЗ ÇÖKÜNTÜLӘRİ (okean çöküntüləri) – müasir və qədim dəniz və okeanlarda əmələ gələn dib çöküntüləri. Yer qabığının çökmə süxur örtüyünün ümumi həcminin 75%-dən çoxu D.ç.-dir. Onların əmələ gəlməsi Arxeozoyda, ilk dənizlərin meydana gəlməsi ilə əlaqədar, təqr. 3,5–4 mlrd. il bundan əvvəl başlamış və bütün geol. tarix ərzində davam et mişdir. D.ç.-nə əhəngdaşı, dolomitlər, mergellər, silisiumlu və gilli süxurların çoxu, alevrolit, qumdaşı, konqlomeratların xeyli hissəsi daxildir. Bir çox metamorfik süxurlar (qneyslər, şistlər, mərmərlər və s.) ilkin olaraq D.ç. kimi toplanmışdır. D.ç. fasiyaları dərinlikdən, dəniz dibi relyefinin quruluşundan, dib axınlarından, sahillərin xüsusiyyətindən, çöküntü əmələ gətirən orqanizmlərin yaşama şəraitindən və s. asılıdır. Mənşəyinə görə D.ç. qırıntı, he mogen, biogen və vulkanogen, maddi tərkibinə görə isə alümosilikatlı (qırıntılı və gilli), karbonatlı (əhəngli və dolomitli), silisiumlu, dəmirli, sapropelli, fosfatlı və s. çöküntülərinə bölünür. D.ç. əmələ gəldiyi dərinliyə görə dayazlıq (200 m-ədək) və dərinlik (200 m-dən yuxarı) çöküntülərinə bölünür.
Dayazlıq D.ç. sahil zonasının (bax Litoral çöküntülər), təcrid olunmuş dayazlıqların, epikontinental dənizlərin, kontinental və ada şelflərinin (bax Sublitoral çöküntülər) müxtəlif fasiyalarından təşkil olunmuşdur. Apvellinq zonalarında üzvi maddələrlə zənginləşmiş diatom lilləri və fosforitlər yaranır. Bir sıra dəmir və manqan filizləri, ağır mineralların (monasit, zirkon, rutil, kassiterit, ilmenit, qızıl, almaz və s.) sahil səpinti yataqları, həmçinin təbii tikinti materialları qum, çınqıl, əhəngdaşı, gil) ya taqları dayazlıq D.ç. ilə əlaqədardır.
Dərinlik D.ç.-ni batial çöküntülərə və abissal çöküntülərə ayırırlar. Dərinlik D.ç.-nin əsas kütləsi kontinental yamacların ətəklərində və dərinlik gətirmə konuslarında formalaşır; terrigen çöküntülərin qalınlığı bəzi yerlərdə 10–15 km-dən yuxarı olur. Terrigen çöküntülərin mənbəyindən uzaqlaşdıqca çöküntülərin qalınlığı və çöküntüyığılmanın sürəti azalır, biogen (planktonogen) çöküntü materiallarının yığılması isə artır. Okeanların mərkəzi hissələrinin D.ç. əhəngli (foraminiferli, kok kolitli), silisiumlu (diatomlu, radiolyariyalı) çöküntülərdən, qırmızı dərinsu gillərindən ibarətdir. Bu çöküntülərlə dəmirmanqan konkresiyalarından ibarət yataqlar əlaqəlidir. Sualtı dağlarda kobaltla zənginləşmiş dəmirmanqan qabıqları yaranır. Aralıq okean silsilələrinin ox hissələrində və cinahlarında metallı çöküntülər, rift zonalarında kolçedan yataqları intişar tapmışdır. Kontinentlərdəki qazıntı D.ç. ilə yanar (yanar şistlər, neft, qaz), qeyrimetallik (fosforitlər) və bir çox iri stratiform faydalı qazıntı yataqları (dəmir, manqan, uran, va nadium, mis filizi və s.) əlaqədardır.
Əd.: Л и с и ц ы н А.П. Процессы океанской седиментации: Литология и геохимия. М., 1978; Л е о н т ь е в О.К. Морская геология. М., 1982; Ф р о л о в В.Т. Генетическая типизация морскихотложений. М., 1984.