DӘNİZ SӘVİYYӘSİ – okean və dənizlərdə sərbəst su səthinin şərti qəbul edilmiş başlanğıca nisbətən şaquli xətt üzrə vəziyyəti. D.s. cazibə qüvvəsindən, Yerin fırlanma anından, küləyin təsirindən, temp-rdan, qabarmalardan, atmosfer təzyiqinin tərəddüdündən, yağıntı, buxarlanma, çay axımının miqdarından və s. asılı olaraq daima dəyişir. D.s. orta çoxillik, orta illik, orta aylıq, orta günlük və “ani” olur. Orta çoxillik D.s. dənizin sakit vaxtındakı səviyyəsinə uyğundur. Bu səviyyə quruda mütləq yüksəklik və dənizdə dərinliklər hesablanarkən başlanğıc səviyyə kimi qəbul edilir. Rusiyada və köhnə SSRİ məkanında,
həmçinin Polşada Yer səthindəki mütləq yüksəkliklər Baltika dənizinin səviyyəsinə (Kronştadt futştokuna) görə, Qərbi Avropa ölkələrində Amsterdam, Aralıq dənizində Marsel futştoklarına görə hesablanır.