DӘRӘŞAM MӘRTӘBӘSİ – Culfa dərəsində Üst Permin Culfa mərtəbəsi laylarının üst və Alt Triasın Brəhmən mərtəbəsi laylarının alt hissəsi. 1971 ildə rus geoloqu K.O.Rostovsev ayırmışdır. D.m. litoloji cəhətdən argillitlərdən və əhəngdaşıdan ibarətdir; qalınlığı 25 m-dir. Paleontoloji cəhətdən Uranites transcaucasius (Shev.), Dzhulfites spinosus (Shev.), Shevyrevites shevyrevi Teich et Kummel, Paratirolites kittli Stoyanov və s. ammonoidlər ilə səciyyələnir. Stratiqrafik vəziyyəti mübahisəlidir. Bəzi tədqiqatçılar D.m.-ni Culfa mərtəbəsinin üstündə yerləşdirərək, onu Perm sisteminə aid edir, digərləri isə mərtəbəyə daxil edilmiş layları Trias sisteminin alt təbəqələri hesab edirlər.