ENOZİS, e n o s i s (yun. Ένωσις – birlәşmә, birlik, ittifaq) – yunanların yaşadıqları әrazilәrin Yunanıstanla birlәşdirilmәsi uğrunda millәtçi hәrәkat. “E.” termini 1830 ildә, müstәqil yunan dövlәti yaradıldıqdan sonra meydana gәlmişdi. Hәrәkata pravoslav kilsәsi başçılıq edirdi. Kiprin Türkiyә vә İngiltәrәyә tabe olduğu dövrlәrdә Kiprdә dә yayılmışdı. 1960 ildә Kipr respublika elan olunduqdan sonra E. şüarı Yunanıstanın vә Kiprin mürtәce qüvvәlәri tәrәfindәn adanın dövlәt müstәqilliyinin lәğv olunması mәqsәdilә istifadә edilmişdir. 1974 ildә Yunanıstan xuntasının vә Kiprin yunan icmasının E.-i hәrbi yolla hәyata keçirmәyi nәzәrdә tutan uğursuz cәhdi Türkiyәnin mәhdud qüvvәlәrinin adanın şm.-ına çıxarılması vә türk icması tәrәfindәn Şimali Kipr Türk Respublikasının (Quzey Kıprıs Türk Cümhuriyyәti) yaradılması ilә nәticәlәnmişdir. Türkiyә ilә müharibә tәhlükәsi Yunanıstanda xalqı ayağa qaldırmış vә hakimiyyәtdә olan “qara polkovniklәr”in hәrbi-faşist diktaturası süquta uğramışdır.