ÉNSENSBERGER (Enzensberger) Hans Maqnus (d. 11.11.1929, Bavariya, Kaufbeyren) – alman yazıçısı. 1949–54 illәrdә Erlangen, Freyburq, Hamburq (Almaniya) vә Sorbonna (Paris) un-tlәrindә germanistika, әdәbiyyatşünaslıq vә fәlsәfә üzrә tәhsil almışdır. Almandilli müәlliflәrin birliyi – “Qrup 47”-nin üzvü, 1965–67 illәrdә “Kursbux” jurnalının redaktoru, aylıq “Transatlantik” mәdәniyyәt jurnalının (1980–91 illәrdә 82 nömrәsi çapdan çıxmışdır) tәsisçilәrindәn biri olmuşdur. Alman siyasi lirikası әnәnәlәrini davam etdirmişdir: “Canavarların müdafiәsi” (1957), “Ölkәnin dili” (1960), “Korların şrifti” (1964) şeir toplularının, incәsәnәt vә siyasәtlә bağlı problemlәrә dair publisistik yazıların vә tәnqidi esselәrin, “Havanada istintaq” (1970), “Titanikin mәhvi” (1978) sәnәdli-siyasi pyeslәrin müәllifidir.