DӘRMAN BİTKİLӘRİ – insan vә heyvan xәstәliklәrinin profilaktikası vә müalicәsi üçün tәtbiq edilәn yabanı vә mәdәni bitkilәr. Yer kürәsindә 20000 növә yaxın D.b.-ndәn istifadә edilir. Onların tәtbiqi lap qәdimdәn mәlumdur. Әrәb, hind (o cümlәdәn ayurvedik – Hindistanda antik sağlamlıq sistemi), Çin, Tibet, İran vә s. әnәnәvi vә xalq tәbabәtindә istifadә edilәn D.b. qrupları genişdir. Eksperimentlәr әsasında öyrәnildikdәn vә kliniki sınaqlardan keçdikdәn sonra onlar rәsmi dәrman vasitәlәri kimi elmi tәbabәtә daxil edilir. Onların istifadәsi dövlәt orqanları tәrәfindәn tәsdiq olunmuş sәnәdlәr әsasında hәyata keçirilir. Daha әhәmiyyәtli D.b. müxtәlif ölkәlәrin Dövlәt farmakopeyasına daxil edilir. D.b.-ndәn istifadә etmәklә aparılan müalicә sistemi fitoterapiya adlanır.
D.b.-nin müalicәvi xassәlәri onlarda insan vә heyvan orqanizmlәrinin fizioloji proseslәrinә birbaşa tәsir edәn (mәs., alkaloidlәr, flavonoidlәr, kumarinlәr, ksantenlәr, qlikozidlәr, vitaminlәr), yaxud müxtәlif xәstәliklәrin törәdicilәrini zәiflәdәn vә ya mәhv edәn (mәs., bitki mәnşәli antibiotiklәr) bioloji aktiv maddәlәrin olması ilә şәrtlәnir.
D.b.-nin müxtәlif orqanlarında tәsiredici maddәlәrin tәrkibi vә sayı müxtәlifdir. Onlar il әrzindә bitkinin yaşından, çox vaxt yaşadığı yerdәn vә coğrafi mövqedәn asılı olaraq dәyişir. Adәtәn, bitkilәrin optimal yığım vaxtı, tәsiredici maddәlәrin maksimum yığıldığı hissәlәr toplanır. Әksәr ölkәlәrdә D.b.-nin xammal bazası yabanı şәkildә bitәn populyasiyalardan, becәrilәn plantasiyalardan toplanma, hәmçinin xaricdәn alınma hesabına formalaşır. Xammal kimi yarpaq, zoğ, ağac vә kolların qabığı, ot bitkilәrinin yerüstü hissәsi, çiçәk, toxum, kök vә kökümsovlar (onlar xüsusi quruducularda, açıq havada vә kölgәlikdә, bәzilәri günәş altında qurudulur), bәzәn qatran, kitrә vә bitkilәrin başqa ifrazatlarından istifadә edilir. Efir yağları, şirәlәr vә biogen stimulyatorların müxtәlif növlәrini vә konservantlar almaq üçün çox vaxt tәzә toplanmış bitkilәr tәlәb olunur. Dәrman xammalından әczaçılıq praktikasında sulu dәmlәmә vә hәlimin hazırlanmasında, spirt tinkturasının, müxtәlif növ ekstratlar vә yüksәk dәrәcәdә tәmizlәnmiş preparatların zavod istehsalında, elәcә dә kimya-әczaçılıq sәnayesindә tәmiz tәsiredici maddәlәri ayırmaq üçün istifadә edilir. Әvvәllәr elmi tәbabәtdә işlәdilәn D.b.-nin bir çoxu bәzәn daha effektiv sintetik müalicәvi vasitәlәr tәrәfindәn sıxışdırılıb çıxarılır. Buna baxmayaraq istifadә edilәn dәrman preparatlarının xeyli hissәsi bitki mәnşәlidir.
D.b.-ni insan orqanizminә göstәrdiyi tәsirә görә aşağıdakı kimi tәsnif edirlәr. Ü r ә k-d a m a r s i s t e m i n ә (miokard) yaxşı tәsir edәn kardiotonik D.b. – adonis (otu toplanır), üskükotu növlәri (otu, yarpaqları), strofant (toxumları); hipotenzivlәr – şirquyruğu (otu), ilanvarı rauvolfiya (kökü), hәmçinin aritmiya әleyhinә – yemişan (çiçәk vә meyvәlәri). Tәnәffüs orqanlarına (bәlğәmgәtirici, öskürәk әleyhinә, tәnәffüs mәrkәzini tәnzimlәyәn) tәsir edәnlәrdәn – gülxәtmi (kökü vә otu), südotu (kökü vә kökümsovu), bağayarpağı (yarpaqları), biyan (kökü), termopsis (otu), bәnövşә (otu), şibyә (tallomu), andız (kökümsovu vә kökü), adaçayı (yarpaqları), evkalipt (yarpaqları vә onlardan alınan efir yağları) istifadә olunur. M ә r k ә z i s i n i r s i s t e m i n ә tәsir edәn D.b. içәrisindә sedativlәr (sakitlәşdiricilәr) vә yuxugәtirәnlәr – pişikotu (kökümsovu vә kökü), pion (otu, kökümsovu vә kökü), passiflora (otu); tәnzimlәyici vә adaptogenlәr – jenşen (kökü), yabanı zәfәran, araliyakimilәr (kökümsovu vә kökü). M ә d ә-b a ğ ı r s a q s i s t e m i n ә müsbәt tәsir göstәrәnlәr: hәzm vәzilәrinin ifrazını tәnzimlәyәn D.b. – gecәvәr (kökümsovu), suyoncası (yarpaqları), isitmәotu (otu), acı yovşan (otu vә yarpaqları); qastroprotektiv vә spazmolitik – aptek çobanyastığı (çiçәklәri), nanә (yarpaqları), razyana (toxumları); hepatoprotektor vә ödqovucular – qarğıdalı (saçağı), zirinc (yarpaq vә kökü), tozağacı (tumurcuqları), solmazçiçәyi (çiçәklәri), dovşanqulağı (otu), acıçıçәk (köklәri), gülümbahar (çiçәklәri); büzücü vә bәrkidicilәr – badan, qırxbuğum, qaytarmaotu vә sincanotunun kökümsovları, meşәgilası vә qaragilәnin meyvәlәri, qızılağacın hamaşmeyvәlәri; yumşaldıcılar – murdarça (qabığı), laminariya (tallomu), rәvәnd (kökü), sәna (yarpaqları). B ö y r ә k l ә r ә v ә s i d i k y o l l a r ı n a daha yaxşı tәsir edәnlәr – mәrsin, çiyәlәk, ayıqulağı, ortosifon vә ya böyrәkçayı (yarpaqları), tozağacı (tumurcuqları), qatırquyruğu, erva (otu); e n d o k r i n s i s t e m ә tәsir edәnlәr – araliya, jenşen (köklәri), yabanı zәfәran, rodiola, eleuterokokk (kökümsovu) köklәrlә birlikdә.
Hәmçinin tәrqovucu vә qızdırmasalanlar – kәndalaş, cökә (çiçәklәri), moruq (meyvәlәri); q a n k ә s i c i l ә r – zirinc, gicitkәn (yarpaqları), qırxbuğum, quşәppәyi, boymadәrәn (otu), doqquzdon (qabığı), paxla kolu (köklәri); i m m u n i t e t i m ö h k ә m l ә n d i r ә n l ә r – әzvay (yarpaqları), biyan (köklәrı), üçbarmaq otu, dәmrovotu, exinaseya (otu); m i k r o b ә l e y h i n ә – mәrsin (yarpaqları), qaraqınıx, dazıotu (otu) vә s.; v i r u s l a r ә l e y h i n ә – qәpikotu, lespedesa (otu), qaytarmaotu (kökümsovu, kökü), soğan vә sarımsaq (soğanaqları); q u r d ә l e y h i n ә – nar ağacı (qabığı), dağ tәrxunu, yovşan (çiçәklәri), balqabaq (toxumları); ş i ş ә l e y h i n ә – itboğan (soğanaqlı yumru), podofil (kökümsovu), qaraçöhrә (qabığı) D.b. ayırd edilir.
1 2 3
4 5
6 7
8 9
10 11
12 13 14
15 16
17 18
19 20
21
Dәrman bitkilәri: 1 – adonis (Adonis vernalis); 2 – şirquyruğu (Leonurus quinquelobatus); 3 – dәrman bәlğәmotu (Althaea officinalis); 4 – dәrman pişikotu (Valeriana officinalis) vә kökü; 5 – acı yovşan (Artemisia absinthium); 6 – böyük bağayarpağı (Plantago major); 7 – adi ayıqulağı (Arctostaphylos uva-ursi) vә meyvәsi; 8 – qızılı öküzboğan, dovşanqulağı (Bupleurum aureum) vә çiçәyi; 9 – adi rаzyana (Foeniculum vulgare) vә toxumu; 10 – jenşen (Panax ginseng) vә kökü; 11 – adi qaraqınıx (Origanum vulgare); 12 – dәrman gülümbaharı (Calendula officinalis); 13 – quş qırxbuğumu (Polygonum aviculare); 14 – eleutorokokk (Eleutherococcus senticosus) vә meyvәsi; 15 – ağacşәkilli әzvay (Aloe arborеscens); 16 – murdarçayabәnzәr çaytikanı (Hippophae rhamnoides) vә meyvәsi; 17 – işlәdici murdarça (Rhamnus cathartica) vә meyvәsi; 18 – qara qarağat (Ribes nigrum) vә meyvәsi; 19 – zirinc (Berberis vulgaris) vә meyvәsi; 20 – dәrgil (Rosa majalis) vә meyvәsi; 21 – ürәkvarı cökә (Tilia cordata) vә çiçәyi.
Vitaminli D.b.-ndәn – kivi, itburnu, qara qarağat, çaytikanı, quşarmudu, portağal, limon vә b. sitrus bitkilәri, qaragilә (meyvәlәri), yapon soforası (çiçәklәri) çoxsaylı qrup tәşkil edir. D.b.-nin bir çoxu müxtәlif xәstәliklәrin müalicәsindә yaxşı effekt verәn müәyyәn tәsiredici maddәlәrin mәnbәyidir. Bәzi yerlәrdә, xüsusilә iri şәhәrlәrin yaxınlığında, gözәl çiçәk açan D.b. (inciçiçәyi, sәhlәb vә b.) azalır vә mühafizә olnan bitkilәrin siyahısına salınır. Belә hallarda hәm onların qorunub saxlanılması naminә, hәm dә xәstәlәrin tәhlükәsizliyi mәqsәdilә bu bitkilәrin toplanması qadağan edilir. Әtraf mühitin çirklәndiyi şәraitdә, sәnaye sahәlәrinә yaxın yerlәrdә bitәn D.b.-nin çoxunun tәrkibindә xeyli miqdarda zәhәrli vә kanserogen xassәlәrә malik ağır metal duzları olur.
Azәrbaycanda 1542 növ dәrman bitkisi qeyd edilmişdir. Respublikada D.b. üzrә elmi tәdqiqat işlәri Azәrb. Milli Elmlәr Akademiyası Botanika İn-tu, Azәrb. Dövlәt Tibb Un-tinin әczaçılıq fakültәsi vә ali mәktәblәrin müvafiq kafedraları tәrәfindәn aparılır.