ENTOMOFAQLAR (yun. entoma – cücü + phagos – yeyәn) – cücülәr üçün tәhlükәli olan, onların sayının tәbii tәnzimlәnmәsinә tәsir edәn yırtıcı vә parazit orqanizmlәr; bitkilәrin inteqrasiya olunmuş mühafizәsindә bioloji metodun әn mühüm agentlәri. E. arasında mәnәnәlәr, yastıcalar vә s. zәrәrverici cücülәrlә mübarizәdә istifadә edilәn pәrdәqanadlılardan minicilәr (trixoqramlar, afelinus, psevdafikus), hәmçinin yarpaqgәmirәn tırtılları yeyәn bәzi qarışqalar, sәrtqanadlılardan parabüzәnlәr, mәs., Avstraliya novlu qaracasını mәhv edәn rodoliya, tәrәvәz bitkilәri zәrәrvericilәrini yeyәn stafilin böcәklәri, tırtılları mәhv edәn bәzi karabidlәr, tәkcә k.t. üçün zәrәrli cücülәr deyil, hәm dә bәzi onurğasızlar üçün tәhlükәli olan ikiqanadlılardan taxin milçәklәri әn çox yayılmışdır. Yırtıcı taxtabitilәr vә gәnәlәr dә E.-a aid edilir; zәrәrverici cücülәri yoluxduran bakteriyalar vә viruslar, hәmçinin göbәlәklәr dә bu qәbildәndir. Cücüyeyәn onurğalılardan suda-quruda yaşayan onurğalıların (qurbağalar), bir çox quşların, hәmçinin mәmәlilәrin (kirpilәr, porsuq, köstәbәklәr vә b.) tәbiәtdә böyük rolu var. İnsanın istifadә etdiyi entomofaq növlәri arasında sayına görә pәrdәqanadlılara (80-ә yaxın), sәrtqanadlılara (30), ikiqanadlılara (10), yarımsәrtqanadlılara (5), torqanadlılara (3) aid cücülәr ön sırada durur. Bir entomofaqın sahib üzәrindә inkişafı – tәk parazitizm, bir neçә entomofaqın eyni vaxtda inkişafı – qrup parazitizmi, bir çox entomofaqın inkişafı – superparazitizm, müxtәlif növ entomofaqın inkişafı – multiparazitizm, digәr parazitlәrin yoluxması – hiperparazitizm, sahibi axtarmaq vә yoluxdurmaq üçün digәr parazitlәrdәn istifadә olunması – kleptoparazitizm anlayışları ilә fәrqlәndirilir. Entomofaq cücü parazitizminin sahibin ölümü ilә nәticәlәnmә, sahibi axtarma vә onu yoluxdurma fazalarının birbirindәn ayrı olması vә s. kimi özünәmәxsus xüsusiyyәtlәri vardır.