EON (yun. αίών – uzun zaman kәsiyi) – Yerin geol. tarixindә Eonotemin formalaşmasına uyğun gәlәn zaman kәsiyi; bir neçә geol. eranı birlәşdirir. İlk dәfә 1875 ildә Amerika geoloqu C. Dana tәrәfindәn işlәnmişdir. Geol. әdәbiyyatda Fanerozoy E.-unu (Paleozoy, Mezozoy vә Kaynozoy eralarını әhatә edir; davamiyyәti 542 mln. il) vә Kembriyәqәdәr E.-unu ayırırlar. Sonuncunun davamiyyәtinin 4 mlrd. ildәn çox olmasını nәzәrә alaraq onu Arxeyә (Eoarxey, Paleoarxey, Mezoarxey vә Neoarxey eralarını birlәşdirir) vә Proterozoya (Paleoproterozoy, Mezoproterozoy vә Neoproterozoy eralarını birlәşdirir) bölürlәr.