EPİDEMİOLÓGİYA (epidemiya +... logiya) – tibb elminin kütlәvi xәstәliklәrin sәbәbini, başvermә vә yayılma qanunauyğunluqlarını öyrәnәn, hәmçinin onlara qarşı profilaktika vә mübarizә tәdbirlәri işlәyib hazırlayan sahәsi. Xәstәliyә tutulanların şәhәrdәn çıxarılması, xәstә vә ölәn şәxslәrә mәxsus әşya, geyim vә s. yandırılması (mәs., Aşşur çarlığında, Babilistanda), xәstәlikdәn sağalanların yeni yoluxanlara qulluq göstәrmәyә cәlb edilmәsi (Qәdim Yunanıstanda), cüzamlı xәstәlәrin ibadәt yerlәrinә, çörәkxanaya getmәsi, su quyularından istifadәnin qadağan edilmәsi kimi epidemiyalarla mübarizә tәdbirlәri hәlә qәdim dünya tәbabәtinә mәlum idi. 14 әsrdә Avropada karantin tәtbiq edilmәyә başlandı.
Bir elm kimi E.-nın banisi yoluxucu xәstәliklәr haqqında tәlimi yaradan, italyan hәkim D.Fırakstoro (16 әsr) hesab edilir. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә bir çox infeksion xәstәliklәrin törәdicisinin kәşfi, görkәmli mikrobioloqlar L.Pasterin, R.Koxun, İ.İ.Meçnikovun vә b.-nın tәdqiqatları E. predmetinin obyektiv öyrәnilmәsi üçün imkan yaratdı vә onun elmi fәnn kimi formalaşmasına sәbәb oldu. İlk E. kafedrası 1920 ildә Odessada, taunun tәbii ocaqlılığı haqqında tәlimin yaradıcısı, Sovet İttifaqında E. üzrә ilk dәrslik (1927) D.K.Zabolotnı tәrәfindәn yaradılmışdır. Keçmiş SSRİ-dә E.-nın banilәri, hәmçinin infeksiyaların ötürülmә mexanizmi haqqında tәlimi yaradan, D.K.Za-bolotnının şagirdi L.V.Qromaşevski, Y.N. Pavlovski, K.İ.Skryabin vә b. hesab olunur.
İnfeksion xәstәliklәrin müasir E.-sı aparıcı–epidemik proses haqqında tәlimdir; onun elementlәri (şәrtlәri) infeksiya mәnbәyi, törәdicilәrin ötürülmә mexanizmi, kollektivin hәssaslığı, әtraf mühitin sosial vә digәr amillәrindәn asılı olaraq xәstәliklәrin yayılma qanunauyğunluğudur. E.da epidemioloji müayinә, mikrobioloji, sanitariya vә digәr tәdqiqatlar, epidemiyaların tarixi-müqayisәli öyrәnilmәsi, statistik analiz vә eksperimental üsulların daxil olduğu kompleks metodlardan istifadә sayәsindә E.-nın inkişafı mikrobiologiya, virusologiya, parazitologiya, immunologiya, gigiyena, habelә infeksion xәstәliklәrin klinikası kimi tibb elmi sahәlәrinin nailiyyәtlәri ilә әlaqәlәndirilir. Epidemioloji praktikada peyvәndlәrin, dezinfeksiya vasitәlәri vә üsullarının, laborator diaqnostika üsullarının vә s. yaradılmasında bu elmlәrin nailiyyәtlәrindәn istifadә edilir. İlk vaxtlar E.-nın tәdqiqat obyekti ancaq infeksion xәstәliklәr idi. Müasir şәraitdә isә “E.” termini daha geniş vә hәmçinin infeksion xәstәliklәr çәrçivәsindәn kәnarda da tәtbiq olunur. Bu, xәstәliyә tutulmaların xaraktercә dәyişmәsi vә infeksion xәstәliklәrin profilaktikasındakı nailiyyәtlәrlә, epidemioloji metodların daha geniş tәtbiqi imkanı ilә bağlıdır. Ürәkdamar, onkoloji, sinir-psixi vә bәzi digәr xәstәliklәrin kütlәvi yayılması onların yayılma qanunauyğunluğunun öyrәnilmәsinә dair elә yanaşma tәlәb edir ki, әvvәllәr bu, yalnız infeksion xәstәliklәrә şamil idi. Ona görә dә 20 әsrin 50-ci illәrindәn “E.” termini kardiologiyanın, onkologiyanın, psixiatriyanın, endokrinologiyanın vә s. müvafiq bölmәlәri ilә әlaqәdar olaraq da işlәdilir.