EPİDÉMİYA (epi... + demos – xalq) –insanın hәr hansı bir infeksion, yaxud invazion xәstәliyinin mәlum әrazidә adi (sporadik) xәstәlәnmә sәviyyәsindәn xeyli artıq yayılması. İnfeksion xәstәliklәrin yüksәk yayılma sәviyyәsi bioloji vә sosial amillәrlә bağlıdır. E.-nın әsasında epidemik proses, yәni infeksiya törәdicisinin fasilәsiz ötürülmәsi, hәm dә kollektivdә ardıcıl inkişaf edәn vә qarşılıqlı әlaqәli yoluxma halının fasilәsiz zәnciri (xәstәlik, bakteriyadaşıyıcısı) dayanır. Bәzәn xәstәliyin yayılması pandemiya xarakterli olur; müәyyәn tәbii, yaxud sosial-gigiyenik şәraitlәrdә xәstәlәnmәnin nisbәtәn yüksәk sәviyyәsi mәlum әrazidә uzun müddәt qeydә alına bilәr. E. xәstәliyin kütlәviliyi, xәstәliyin yoluxma yollarının ümumiliyi vә çoxluğu, inkubasiya dövründә xәstәliyin baş vermәsinin eyni vaxta tәsadüf etmәsi vә fasilәsizliyi, xәstәliyin ayrı-ayrı hallarında әrazi yaxınlığı ilә sәciyyәlәnir. “E”. termini bәzәn infeksiya törәdicisinin yayılmasının әsas yollarını qeyd etmәk üçün istifadә olunur; mәs., süd, qida E.-sı, hәmçinin E.-nın olub keçdiyi yer, mәs., mәktәb E.-sı. E.-nın meydana çıxmasına vә davam etmәsinә hәm tәbii şәraitdә gedәn proseslәr (tәbii ocaqlar, epizootiyalar vә s.), hәm dә, әsasәn, sosial amillәr (kommunal abadlığın, mәişәt şәraitinin, sәhiyyәnin vәziyyәti vә s.) tәsir göstәrir. Xәstәliyin xarakterindәn asılı olaraq E. dövründә yoluxma, әsasәn, qida vә su qәbulu zamanı (dizenteriya vә qarın yatalağında), havadamcı yolu ilә (qripdә), transmissiv yolla (malyariya vә yatalaqda) ola bilәr. E.-nın öyrәnilmәsi, onunla mübarizә üsullarının işlәnib-hazırlanması ilә epidemiologiya mәşğul olur.