DӘYİŞӘN ULDUZLAR – görünәn parlaqlığı zamana görә dәyişәn ulduzlar. Bizim Qalaktikada tәqribәn 60 min, elәcә dә digәr qalaktikalarda on minlәrlә D.u. müşahidә olunmuşdur. D.u.-ın әksәriyyәti qeyri-stasionar ulduzlardır; bu ulduzların parlaqlığının dәyişmәsi onların temp-runun vә radiusunun dәyişmәsi, ulduzdan maddә axını, konvektiv hәrәkәtlәr vә s. bu kimi proseslәrlә bağlıdır. D.u. iki böyük qrupa bölünür: optik (tutulan) vә fiziki D.u.
O p t i k D.u. – ümumi kütlә mәrkәzi әtrafında fırlanan iki ulduzdan ibarәt sistemdir. Bu sistemin orbit müstәvisi yerdәki müşahidәçinin görüş şüasına o qәdәr yaxındır ki, hәr bir fırlanma dövründә bu ulduzlardan biri digәrinin qarşısını kәsir vә bu da sistemin ümumi parlaqlığının zәiflәmәsinә gәtirib çıxarır. Komponentlәr arasındakı mәsafә adәtәn onların ölçülәrinә uyğun olur. Bizim Qalaktikada aşkar olunan bu qrup ulduzların sayı 4000-dәn çoxdur. Bu qrupda elә ulduzlar var ki, tutulma olmadıqda parlaqlığı praktiki olaraq dәyişmir. Bununla yanaşı, elә ulduzlar da var ki, parlaqlığı müntәzәm olaraq dәyişir; bu onunla izah edilir ki, komponentlәr arasındakı mәsafә kiçik olduğundan onlar kürә formasında olmayıb, qabarma qüvvәlәrinin tәsiri nәticәsindә dartılmış olur.
F i z i k i D.u. öz parlaqlığını onlarda gedәn fiziki proseslәr nәticәsindә dәyişir. Fiziki D.u. iki әsas qrupa bölünür: d ö y ü n ә n vә e r u p t i v (partlayış) xarakterli D.u. Döyünәn D.u. görünәn parlaqlıqlarının müntәzәm vә kәsilmәz dәyişmәlәri ilә sәciyyәlәnir; әksәr hallarda bu, ulduzun xarici qatının döyünmәsi ilә izah olunur. Döyünәn D.u. qrupuna u z u n p e r i o d l u S e f e i d l ә r, B a l i n a n ı n M i r a t i p l i D.u., L i r a n ı n R R tipli D.u., Q a l x a n ı n δ t i p l i D.u., B u ğ a n ı n R V t i p l i D .u., S e f e y i n β t i p l i D.u. daxildir.
E r u p t i v d ә y i ş ә n u l d u z l a r parlaqlıqlarının böyük amplitudla vә zamana görә qeyri-müntәzәm dәyişmәsi ilә xarakterizә olunur. Belә dәyişmә qәfil olduğundan proses partlayış xarakterli olur. Bu ulduzların bir qismindә parlaqlığın dәyişmәsi ulduzdan qaz kütlәlәrinin püskürülmәsi ilә, yәni erupsiya ilә әlaqәdardır. Eruptiv dәyişәn ulduzlar iki qrupa bölünür:
a) yeni formalaşmaqda olan cavan ulduzlar; b) adi halda sabit parlaqlığa malik ulduzlar. Lakin müәyyәn vaxtlarda bu ulduzlarda qәflәtәn alışma baş verir vә ulduz qısa zaman kәsiyindә öz parlaqlığını böyük amplitudla kәskin artırır. Bu qrupa yeni vә ifrat yeni ulduzlar, Әkizlәrin U tipli ulduzları daxildir. Eruptiv ulduzların sayı 1600-dәn artıqdır.
Y e n i u l d u z l a r – isti cırtdan ulduzlar olub, bir neçә gün әrzindә qәflәtәn öz parlaqlığını kәskin artırır vә sonra bir neçә ay vә ya il әrzindә alışmadan әvvәlki normal halına qayıdır. Alışmadan әvvәl bu ulduzların görünәn ulduz ölçülәri çox zәif olduğundan, alışma vaxtı onlar yeni ulduz kimi görünür; әslindә isә bu ulduzlar heç dә yeni әmәlә gәlmiş ulduzlar olmayıb kifayәt qәdәr yaşa malikdir. Әgәr eyni yeni ulduz iki dәfә alışmışsa, o tәkrar yeni ulduz adlanır. Yeni vә tәkrar yeni ulduzların әksәriyyәti (bәlkә dә hamısı) sıx qoşa sistemlәrdir. Müasir astrofiziki tәsәvvürlәrә görә yeni ulduzun alışması sıx qoşa sistemlәrdә komponentlәr arasında maddә mübadilәsi ilә әlaqәdardır.
İ f r a t y e n i u l d u z l a r – alışma zamanı öz parlaqlıqlarını bir neçә sutka әrzindә onlarla ulduz ölçüsü qәdәr artıran ulduzlardır. Parlaqlığın maks.-unda ifrat yeni ulduzların işıqlığı onların daxil olduğu ulduz sisteminin (qalaktikanın) ümumi işıqlığı ilә müqayisә oluna bilir vә hәtta bәzi hallarda ondan da çox olur. Әvvәlcә parlaqlığını qәflәtәn min dәfәdәn çox artıran ulduzlar yeni ulduzlar adlandırılırdı. Bu tip alışmaların baş verdiyi bir qrup ulduzların daxil olduğu qalaktikanın (ilk vaxtlar onlar dumanlıq adlandırılırdı) Bizim Qalaktikadan kәnar obyekt olduğu aşkar edildikdәn sonra bu ulduzlardakı alışmanın miqyasının yeni ulduzlara nisbәtәndaha böyük olduğu müәyyәn olundu. 1934 ildә Amerika astronomları F. Svikki vә U. Baade bu ulduzları “ifrat yeni” ulduzlar adlandırmağı tәklif etdilәr. Elmi әdәbiyyatda şüalanmasının gücü 1041 erq/san-dәn böyük olan ulduz alışmaları ifrat yenilәrә aid edilir. İfrat yeni ulduz alışması çox nadir hadisәdir. Fiziki D.u.-ın parlaqlığının dәyişkәnliyinin sәbәbi ulduzların tәkamülündә onların tutduğu yerlә birbaşa bağlı problemdir. Göründüyü kimi ulduzların dәyişkәnliyi onların tәkamülünün müәyyәn mәrhәlәsi üçün sәciyyәvidir. Ulduz topalarında olan dәyişәn ulduzların öyrәnilmәsi (topaya daxil olan ulduzların yaşını, tәkamül mәrhәlәsini tәyin etmәk olur), elәcә dә müxtәlif tip D.u.-ın “spektr-işıqlılıq” diaqramında (Hertsşprunq-Rassel diaqramı) yerinin analizi ulduzların dәyişkәnliyinin tәbiәtinin başa düşülmәsindә mühüm әhәmiyyәt kәsb edir. Tez alışan qeyri-müntәzәm D.u.-ın daxil olduğu topalar çox cavandır (onların yaşı 106–107 ildir). Bu topalardakı yalnız çox böyük kütlәli yüksәk işıqlıqlı ulduzlar Hertsşprunq-Rassel diaqramının yuxarı hissәsindә yerlәşәn adi stasionar ulduzlardır.
Ә k i z l ә r i n U t i p l i D.u. – parlaqlığında amplitudu çox da böyük olmayan tez dәyişmәlәr müşahidә olunan ulduzlardır. Bir neçә on günlәr vә ya yüz günlәrә bәrabәr olan dövr boyunca parlaqlığın 3 dәfәyә qәdәr (alışma az olduqca amplitudu böyük olur) artması müşahidә olunur. Bu tip ulduzlar yeni ulduzlar kimi sıx qoşa sistemlәr tәşkil edir ki, onlarda baş verәn alışma hәr halda müxtәlif tәkamül mәrhәlәsindә olan komponentlәr arasında maddә mübadilәsi ilә әlaqәdardır.