EPİKÜR (Epikuros) (e.ә. 342–341, Samos a. – e.ә. 270, Afina) – qәdim yunan filosofu. 306 ildәn Afinada yaşamış, burada “Epikür bağı” fәlsәfә mәktәbini yaratmışdır. E.-ün böyük irsindәn (300-ә yaxın әsәr) bir neçә mәktub, aforizmlәr vә vәsiyyәtnamә saxlanmışdır. E. fәlsәfәsi etikaya, fizikaya vә kanonikaya (idrak haqqında tәlim) bölünür. Etikada Demokritin vә Kirena mәktәbinin ideyalarına әsaslanan E. hissetmә qabiliyyәtini (stoiklәrdә olduğu kimi, ağlı deyil) insanın hәqiqi tәbiәti sayır, insan hәyatının mәnası vә son mәqsәdinin hәzzә çatmaq olduğunu göstәrirdi. E.-ә görә, hәzz әzabın yoxluğudur. Əzabların sәbәbi olan ehtiraslar vә qorxu insanın özündәdir, fәlsәfә dә insanı mәhz onlardan xilas etmәk üçündür. Asketik özünümәhdudlaşdırma olmadan hәzzә çatmaq mümkün deyil. Ruhun sarsılmaz sakitliyi (ataraksiya), xoşbәxtlik, xeyir, azadlıq, hәzz vә onların әn alisi olan müdriklik, әdalәt, xüsusilә dostluq düzgün hәyat tәrzinin nәticәsidir. Fizikada E. Demokritin atomistik tәliminә riayәt etmәklә ona әhәmiyyәtli dәyişiklik gәtirmişdir: atomların burulğanabәnzәr hәrәkәti E.-dә düşmә ilә әvәzlәnir, atomların “çәki”si anlayışı tәtbiq olunur. Dünyaların (onların sayı sonsuzdur) yaranmasını vә fәrdin (yәni atomun vә insanın) azadlığını әsaslandıran atomların düz xәtt üzrә düşmәkdәn ixtiyari yayınması haqqında E. tәlimi xüsusilә diqqәtәlayiqdir. Antik naturfәlsәfә üçün әnәnәvi olan tale anlayışı (bax Tale) ilә mübarizәdә E. sәma hadisәlәrinin dәqiq qanunauyğunluğunu qәti şәkildә inkar edirdi. E. duyğuları vә duyğuların tәkrarından (prolēpsis), yaxud onların öncәdәn hiss edilmәsindәn yaranan anlayışları biliyin mәnbәyi sayırdı. Xalq mifologiyasının allahlar haqqında tәsәvvürlәrini batil düşüncәlәr kimi rәdd edәn E.-ә görә, allahlar dünyalararası mәkanlarda (“metakosmiyalar”da, yaxud “intermundiyalar”da) xoşbәxt, qayğısız hәyat sürürlәr vә dünyaların hәyatına qarışmayaraq müdrik insana tәqlid nümunәsi göstәrirlәr. E. fәlsәfәsi antik atomizmin yeni mәrhәlәsi olmuş, son antik dövr vә Yeni dövr Avropa fәlsәfәsinә әhәmiyyәtli tәsir göstәrmişdir. Bax hәmçinin Epikürçülük.