EPİQRAM (yun. epigramma – yazı) – 1) antik poeziyada sәrbәst mәzmunlu qısa şeir forması. Tәdricәn E.-ın mövzu dairәsi genişlәnmişdir: ithaflar, әx laqi-didaktik E.-lar, qәbirüstü E.-lar (bax Epitafiya), tәsviri E.-lar, mәhәbbәt E.-ları, süfrә başında deyilәn E.-lar, satirik E.-lar. E.-ın çiçәklәnmә dövrü yunan әdәbiyyatında e.ә. 3 әsr – eramızın 1 әsrinә aid ellinist şairlәrin, Roma әdәbiyyatında Katull vә Marsialın adı ilә bağlıdır. Antik E. әnәnәlәri Bizans әdәbiyyatında, orta әsrlәr vә İntibah dövrünün latın әdәbiyyatında davam etdirilmiş, sonralar bu janra az müraciәt olunmuşdur. 2) Yeni dövr Avropa poeziyasında, adәtәn, tәdrici ekspozisiya ilә kәskin sonluğun tәzadı әsasında yaradılan qısa satirik şeir. E.-ın bu növü Marsial әnәnәlәri әsasında
16–17 әsrlәr fransız poeziyasında formalaşmış, 18 әsrdә digәr ölkәlәrdә dә inkişaf etmişdi (Volter, J.B.Russo, Q.E.Lessinq, R.Berns). Aktual mәsәlәlәr, xüsusilә siyasi hadisәlәrlә sәslәşәn qeyri-әnәnәvi E. da meydana gәlmişdi. 19 әsrin ortalarında E.-ın әnәnәvi növü aradan çıxmışdır.