EPİLYÁSİYA (fr. épiler – tükü kәnar etmәk) – tükün kosmetik vә ya müalicә mәqsәdilә kәnar edilmәsi. E. müalicә metodu kimi (adәtәn digәr üsullarla birlikdә) bәzi dәri vә tük xәstәliklәrindә (trixofitiya, mikrosporiya vә s.) tәtbiq olunur. E. tüklәrin xüsusi pinsetlә çıxarılması, kimyәvi vasitәlәr (epilin mәlhәmi vә s.), rentgen vә ya lazer şüalanması yolu ilә hәyata keçirilir. Ən davamlı effekti elektroepilyasiya verir, bu zaman iynәşәkilli elektrodla tük soğanaqları dağıdılır vә tükün inkişafı dayanır. Digәr növ E.-lar zamanı tük örtüyü bәrpa olunur.