EPOPÉYA (epos + yun. poieo – yaradıram) – ümumxalq problematikasını әks etdirәn monumental әsәr. Yazılı әdәbiyyatın inkişafının ilk mәrhәlәsindә – qәhrәmanlıq eposunun müxtәlif formalarının üstünlük tәşkil etdiyi dövrdә E. daha mühüm (Hegelә görә “substansial”) hadisәlәri vә hәyati ziddiyyәtlәri, yaxud xalq fantaziyasının yaratdığı tәbiәt qüvvәlәrinin toqquşmasını, böyük müharibәlәri әks etdirirdi. Qәdim vә orta әsrlәrdә irihәcmli nәzm әsәri formasında yaradılmış E.-lar rәvayәt vә dastanların birlәşmәsindәn, yaxud da hadisәlәrin vahid xәtt üzrә inkişafından meydana gәlirdi. Bu әsәrlәrdә xalqın formalaşıb bәrqәrar olduğu dövrdәki bütün hәyat tәcrübәsi, bu prosesin müxtәlif mәrhәlәlәri vә cәhәtlәri әksini tapırdı; bәzi E.- larda xalq hәyatının müәyyәn tәrәflәri vә mövzuları ön plana çәkilirdi. Qәdim E.- larda bәdiiliyin әsası möhtәşәm qәhrәmanlıqdır; aparıcı insanların surәtindә bilavasitә bütün xalq tәmsil olunur, onlar öz fәaliyyәtlәri ilә bütöv bir cәmiyyәtin vә dövlәtin taleyini hәll edirlәr. Belә E.-larda mübaliğәli obrazlılıq bәdii tәxәyyül dәrәcәsinә çatır. Digәr tәrәfdәn, uzaq keçmişdә insanlara xas olan dünyanı mifoloji dәrketmә xüsusiyyәti E.-larda әcaib, sehrli hadisәlәrin geniş tәsvirinә sәbәb olur.
Tarix boyu E. әsaslı dәyişikliklәrә uğramışdır. Müәyyәn bir dövrdә qәhrәmanlıq E.-sı әvәzinә onu lağa qoyan komik E.-lar da (“Siçovullarla qurbağaların müharibәsi”) yaranmış, lakin әdәbiyyat tarixindә ötәri hadisә kimi yadda qalmışdır. Sonralar romalı Vergili, italyan Tasso, portuqaliyalı Kamoens, fransız Ronsar, ingilis Spenser vә b. xalq E.-larını tәqlid etmәklә onu yenidәn dirçәltmәk tәşәbbüsündә (Vergilinin “Eneida”sı, Volterin “Henriada”sı vә s.) olsalar da, mәqsәdlәrinә çatmamışlar. Bu E.-lar bir sıra orijinal bәdii mәziyyәtlәrinә görә qiymәtli vә diqqәtәlayiq olsa da, hәmin dövrdә bәşәr hәyatı әsaslı surәtdә dәyişdiyindәn öz sәlәflәrinә oxşaya bilmәmişdir. Dante, Rable vә Servantesin epik әsәrlәri erkәn orta әsrlәrin sonu – İntibah dövrünün әsl E.-ları, qәdim qәhrәmanlıq E.-sından yeni dövr üçün sәciyyәvi olan roman-E.-ya bir növ keçid idi.
Cәmiyyәtin sosial hәyatını nәsr formasında tәsvir edәn E.-lar da (F. Rablenin “Qarqantüa vә Pantaqruel”, N.V. Qoqolun “Ölü canlar”, A. Fransın “Pinqvinlәr adası” әsәrlәri) meydana gәlmişdir. 19–20 әsrlәrdә milli-tarixi problemlәrә nüfuz edәn roman-E.-lar yarandı. Bәzi roman-E.-larda baş qәhrәmanların xarakterinin formalaşması birbaşa milli vә tarixi inkişafı әks etdirirdi (L.N.Tolstoyun “Hәrb vә sülh”, M.A.Şoloxovun “Sakit Don”, M.İbrahimovun “Gәlәcәk gün” әsәrlәri). Bәzi roman- E.-larda isә qәhrәmanın şәxsiyyәti onun tarixi vә inqilabi hadisәlәrin içindә şüurlu vә aktiv iştirakı nәticәsindә formalaşırdı (M.S.Ordubadinin “Qılınc vә qәlәm”, A.N.Tolstoyun “Birinci Pyotr” romanları vә s.).
Azәrb. vә digәr türkdilli xalqların әn mәşhur E.-sı “Dәdә Qorqud” dastanıdır.