ERÉDİA (Heredia) Xose Mariya (31.12.1803, Kuba, Santyaqo – 7.5.1839, Meksika, Toluka) – Kuba şairi. Milli poeziyanın banilәrindәn biridir. Klassisizm üslubunda inqilabi-vәtәnpәrvәrlik ruhlu şeirlәr yazmışdır. İspan müstәmlәkәçiliyinә qarşı mübarizә aparmışdır. Poeziyasına romantik qiyamçılıq vә melanxoliya, “yerli kolorit” axtarışları xasdır (“Şeirlәr” toplusu, 1825 vә 1832). Tәbiәt qüvvәlәrinin gücünü ifadә edәn şeirlәri mәşhurdur (“Fırtınada”, 1822; “Niaqara”, 1824; “Çolulada Teokalla üzәrindә” fәlsәfi poeması, 1820; “Sürgün edilmişin nәğmәsi”, 1825).