ERÉMURUS, ç i r i ş (Eremurus) – zanbaqkimilәr sırasının asfodelina (Asphodelaceae) fәsilәsindәn ot bitkisi cinsi. Bәzәn bu sıra bir neçә müstәqil cinsә ayrılır. Kökәtrafı yarpaqlarının uz. 30–100 sm-dir. Çiçәk saplağı yarpaqlardan xeyli uzun, çiçәk qrupu çoxçiçәkli salxımdır; çiçәkyanlığı ağ, sarı, çәhrayı, qırmızımtıl, yaxud qonurdur. Meyvәsi kürәşәkilli qutucuqdur. Cәnub-Şәrqi Avropada vә Asiyada 60-dan artıq növü mәlumdur. Krım vә Qafqazdan Altay vә Himalaya qәdәr yayılmışdır. Çöllәrdә, sәhralarda, dağların 3500 m-әdәk olan yüksәkliklәrinin açıq yamaclarında bitir. Azәrb.-da E. azerbaydjanicus növü tәsvir edilmişdir. Bir çox növü (E.olgae; E.robustus) dekorativdir. Bәzi növlәrinin kökündә eremurus polisaxaridi, yapışqan almaq mәqsәdilә istifadә edilәn qummiarabik әvәzedicisi vardır; yarpaqlarından boya alınır; cavan zoğları vә köklәri bişirilmiş halda yeyilir. Balverәn bitkidir.