ERİSTAVİ Georgi Davidoviç (1811, Gürc., Duşeti r-nunun Odzisi k. – 21.9. 1864, orada) – gürcü yazıçısı, rej., aktyor, ictimai xadim. E. gürcü әdәbiyyatında tәnqidi realizmin banisidir. Yaradıcılığının başlanğıcı üçün sәciyyәvi olan romantizmdәn uzaqlaşaraq, dövrünün mәişәt vә adәtlәrini tәsvir etmişdir. E.-nin yaratdığı yeni realist teatr gürcü mәdәniyyәtinin zәnginlәşmәsi, professional realist dramaturgiyanın inkişafında mühüm rol oynamışdır. “Bölmә” (1850 ildә tamaşaya qoyulmuşdur), “Mәhkәmә davası” (1840), “Xәsis” (1851), “Dәli qız” (1862), “Keçmiş dövrün mәnzәrәsi” (1863) komediyalarında tәnәzzülә uğramış zadәganlıq, çar mәmurları, yeni meydana gәlәn ticarәt burjuaziyası ifşa olunmuşdur. Rus vә Qәrbi Avropa klassiklәrindәn tәrcümәlәr etmişdir. Ş. Rustavelinin “Pәlәng dәrisi geymiş pәhlәvan” poemasını nәsr formasında polyak dilinә çevirmişdir.