ERİTRÉYA, Eritreya dövlәti.
Ümumi mәlumat
Afrikanın şm.-ş.-indә dövlәt. Materik hissәdәn vә Dәhlәk a-rı qrupundan ibarәtdir. Şm.-q.-dәn Sudan, c.-dan Efiopiya, c.-ş.-dәn Cibuti ilә hәmsәrhәddir; ş.-indә Qırmızı dәnizdir. Sah. 121,1 min km2. Əh. 5,8 mln. (2012). Paytaxtı Əsmәrә ş.-dir. Rәsmi dil tiqre vә әrәb dillәri, pul vahidi nakfadır. İnzibati cәhәtdәn 6 әyalәtә bölünür.
E. BMT-nin (1993), ABT-nin (indiki AB-nin; 1993), BVF-nin (1994) üzvüdür.
Dövlәt quruluşu
E. unitar dövlәtdir. Konstitusiyası 1997 ildә qәbul edilmişdir. İdarәetmә forması prezident respublikasıdır. Konstitusiyaya әsasәn dövlәt vә hökumәt başçısı beşillik müddәtә seçilәn prezidentdir. Lakin müstәqillik әldә etdikdәn (1993) sonra ölkәdә prezident seçkilәri keçirilmәmişdir. Qanunverici orqan 1997 ildә tәyin edilmiş 150 deputatdan ibarәt birpalatalı Milli assambleyadır. O, daxili vә xarici siyasәti müәyyәnlәşdirir, dövlәt büdcәsini tәsdiq edir vә prezidenti seçir (2002 ildәn Milli assambleyanın iclasları keçirilmir). Hazırda ölkәdә qanunverici vә icraedici hakimiyyәti prezident hәyata keçirir.
E.-da yalnız bir leqal partiya mövcuddur: Demokratiya vә әdalәt uğrunda xalq cәbhәsi.
Tәbiәt
E. әrazisinin әksәr hissәsi Efiopiya yaylasının şm. qurtaracağı Eritreya platosundadır (hünd. nöqtәsi Efiopiya ilә sәrhәddә Asimba d.-dır, 3248 m); c.-ş.-dә Afar tektonik çökәkliyi ilә hüdudlanır. Dәniz sahili boyunca düzәnliklәr zolağı uzanır. Faydalı qazıntıları: qızıl, mis, dәmir filizi, nikel, xrom, mika, titan, neft, gümüş, kükürd. Subekvatorial sәhra iqlimi var. Ortaillik temp-r 23-dәn 37°C-yәdәk, maks. 45°C (Yer kürәsinin әn isti r-nlarından biri). İllik yağıntı 50–200 mm.
Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Qırmızı dәniz sahillәrindә qonur vә qırmızı-qonur torpaqlar vә şoranlıqlar üstünlük tәşkil edir; 1100–1600 m yüksәklikdә tünd-qırmızı humuslu dağ torpaqlarının arealları yerlәşir.
Sahillәrdә xurma palmasından tikanlı akasiyaya, tropik qurşaqda isә baobabdan südlәyәnә qәdәr, mülayim zonalarda aqava vә evkaliptdәn tutmuş yüksәk dağlıq platoda sikomora qәdәr bitkilәr bitir. Faunası begemotlar, fillәr, timsahlar, qabanlar, kәrgәdanlar, antiloplar, şirlәr, kaftarlar, çaqqallar, dovşanlar, meşә antilopları, әrincәklәr, babuinlәr, tirәndazlar, müxtәlif gәmiricilәr vә ilanlardan ibarәtdir. Quşlar alәmi müxtәlifdir: ümumi kontinental vә regional quşlar, Avropa vә Asiyanın köçәri quşları. Dәhlәk a-rı r-nunda 250-dәn artıq balıq növü, o cümlәdәn Aralıq dәnizi növlәri, tısbağalar var.
Əhali
E.-da tiqrailәr (50%), tiqrelәr, kunamalar (40%), afarlar (4%), saxolar (3%) vә digәrlәri (3%) yaşayır. Dindarları, әsasәn, müsәlmanlar (50%) vә xristianlardır. İllik artım 2,5%-dir. Fertillik göstәricisi 1 qadına 4,6 uşaqdır. Şәhәr әhalisi ümumi әhalinin 21%-ini tәşkil edir. Gözlәnilәn orta ömür müddәti kişilәrdә 60, qadınlarda 64 ildir.
Еритрейа йайласынын типик ландшафты.
Tarixi oçerk
1882 ildәn burada İtaliyanın müstәmlәkәsindә olan Aseb vә Massaua portları yarandı. 1890 il yanvarın 1-dә E. (Qırmızı dәnizin yunanca adı) müstәmlәkәsinin yaradılması elan olundu. 1895 ildә başlanmış İtaliya–Efiopiya müharibәsi 1896 ildә müstәmlәkәnin sәrhәdlәrini müәyyәnlәşdirәn sülh müqavilәsinin bağlanması ilә nәticәlәndi. İtalyanların İkinci dünya müharibәsindә Efiopiya, Somali vә E. әrazilәrindә B.Britaniya qoşunlarına mәğlub olmasınadәk (1941 ilin yazında) E. İtaliyanın hakimiyyәti altında idi. Efiopiya vә Eritreya Federasiyasına daxil olana qәdәr (1952) E. Britaniya hәrbi idarәsinin nәzarәtindә qaldı. 1962 ildә Efiopiya imperatoru I Hayle Selassiye ölkәnin federal statusunu lәğv etdi, nәticәdә E.-da separatçılıq meyillәri güclәndi, E.-nın müstәqilliyi uğrunda müharibә başladı. 1976 ildә Efiopiyada hakimiyyәti әlә keçirәn Mengistu Hayle Mariam separatçılara qarşı “qırmızı terror” tәşkil etdi. 1977–78 illәrdә Meles Zenaunun rәhbәrliyi ilә separatçılar Somali qoşunlarının Efiopiyanın Oqaden bölgәsini işğal etmәsindәn vә ölkәni bürümüş qıtlıqdan istifadә edәrәk E.-nın böyük hissәsini nәzarәt altına aldılar. 1991 ildә üsyançılar Əddis-Əbәbәni tutdular, Zenau Efiopiyanın prezidenti oldu. 2 ildәn sonra keçirilmiş referendumda E.-nın müstәqilliyi elan edildi.
1993 ildәn ölkәni bütün hakimiyyәti әlindә cәmlәşdirmiş İsayas Afevorkinin başçılıq etdiyi müharibә veteranları qrupu idarә etmәyә başladı. Ölkә liderlәrinin antidemokratik siyasәti vә seçkilәrin keçirilmәmәsi beynәlxalq hüquq tәşkilatlarının narazılığına sәbәb oldu. Yәmәnin Hәniş a- rına iddia edәn E. silahlı toqquşma nәticәsindә Yәmәnә mәğlub oldu. 1998–2000 illәrdә Efiopiya-Eritreya müharibәsi dә E.- nın mәğlubiyyәti vә burada BMT-nin sülhmәramlı qüvvәlәrinin yerlәşdirilmәsi ilә nәticәlәndi. 2009 il dekabrın 23-dә BMT- nin Tәhlükәsizlik Şurası E.-ya silah satışına embarqo qoydu. Bundan başqa, E. liderlәrinin BMT dövlәtlәrinә gedişi qadağan olundu, onların xarici banklardakı hesabları donduruldu.
Ясмяря шящяриндян эюрцнцш.
Tәsәrrüfat
iqtisadi cәhәtdәn әn az inkişaf etmiş aqrar ölkәlәrdәn biridir. ÜDM-in hәcmi tәqr. 9,167 mlrd. dollar (alıcılıq qabiliyyәti pariteti üzrә; 2016), adambaşına – 1400 dollar; ÜDM-in real artım tempi 3,7% (2016); insan inkişafı indeksi 0,420 (2015; dünyanın 188 ölkәsi arasında 178-inci yer) tәşkil edir. ÜDM-in strukturu (2016): xidmәt sferası – 58,5%, sәnaye – 29,5%, k.t. – 12,1%.
Aparıcı sәnaye sahәlәri: neft emalı, toxuculuq, dәri-ayaqqabı, tikiş, kimya, ağac emalı, sement vә yeyinti sәnayesidir. İldә 383,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunur (2015). Dәniz duzu hasil edilir.
Ölkә әrazisinin tәqr. 75,1%-i k.t.-na yararlıdır, tәqr. 16%-ini meşәlәr tutur (2014). Yığım (ildә min t; 2014) – taxıl 281,3, buğda 24,08, qarğıdalı 14,4, arpa 49,9, meyvәköklülәr 62,8, yağlı bitkilәr 7,6 vә s. Qaramalın ümumi sayı 2,1 mln. baş, dәvә 370 min baş, keçi 1,825 min baş tәşkil edir (2014). Quşçuluq (ev quşlarının ümumi sayı tәqr. 1,4 mln.; 2014) vә balıqçılıq inkişaf etmişdir.
E.-da 13 aeroport var, onlardan 4-ünün eniş-uçuş zolağı bәrkörtüklüdür (2013). D.y.-larının uz. 306 km, avtomobil yollarının uz. 4,1 min km-dir (o cümlәdәn 874 km-i bәrkörtüklüdür; 2013). Əsas dәniz portları Aseb vә Massuadır.
İxracatın (k.t. vә emal sәnayesi mәhsulları, mineral metallar, tekstil, tütün vә s.) dәyәri 485,4 mln. dollardır (2016); әsas alıcıları (2016): Çin (57,7%), Hindistan (21,9%), Şimali Koreya (4,9%) vә Serbiyadır (4,2%). İdxalatın (istehlak malları, maşın vә avadanlıq, yanacaq vә s.) dәyәri 1,049 mlrd. dollardır; әsas tәdarükçülәri (2016): Çin (18,1%), BƏƏ (15,4%), Sәudiyyә Ərәbistanı (13,7%), İtaliya (6,%%), Türkiyә (5,9%), Braziliya (5,3%) vә Belçikadır (4,1%).
Массауа порту.
Silahlı qüvvәlәr
E.-nın silahlı qüvvәlәri quru qoşunlarından (QQ), hәrbi-dәniz (HDQ) vә hәrbihava (HHQ) qüvvәlәrindәn ibarәtdir. Ölkәnin hәrbi büdcәsi 263 mln. dollardır. Nizami silahlı qüvvәlәrin sayı 171 min 900, ehtiyatda olanlar isә 120 min nәfәrdir. Komplektlәşdirmә çağırış әsasındadır. Hәrbi xidmәtin müddәti 16 aydır.
QQ 170 min nәfәrdәn, 4 qәrargah, 19 diviziya vә әlahiddә mexaniklәşdirilmiş briqadadan ibarәtdir. 100 tank (T-55), 30 döyüş-kәşfiyyat maşını, 50 PDM vә ZT, 30 YARS vә s. ilә silahlanmışdır.
HDQ 1400 nәfәr vә tәqr. 210 katerdәn, HHQ isә 800 nәfәr vә 17 döyüş tәyyarәsindәn ibarәtdir.
Sәhiyyә
Əhalinin hәr 10000 nәfәrinә 7 xәstәxana çarpayısı düşür (2011). Ölkәdә 215 hәkim, 16 stomatoloq, 48 rentgenoloq, 2365 orta tibb işçisi, 140 orta tәhsilli mama, 107 әczaçı vә әczaçı-laborant fәaliyyәt göstәrir (2004). Sәhiyyәyә qoyulan ümumi xәrc (105 mln. ABŞ dolları; 45,4%-i dövlәt, 54,6%-i özәl) ÜDM-in 3%-ini tәşkil edir (2013). Əhalinin 13%-i tibbi xidmәtlә tәmin olunmuşdur (2000). İçmәli suyun çatışmazlığı (әhalinin yalnız 46%-i içmәli su ilә tәmin edilir) әhali arasında infeksion vә mәdә-bağırsaq xәstәliklәrinin geniş yayılmasına sәbәb olur. Neonatal ölüm әmsalı hәr 1000 diri doğulana görә 18,8-dir (2014). Ümumi doğumun yalnız 34,1%-i ixtisaslaşmış tibb heyәti tәrәfindәn qәbul edilir (2010). 2003 ildә QİÇS-li vә İİV- infeksiyalı 60 min xәstә olmuş, onlardan hәmin il 6,3 mini ölmüşdür. 2014 ildә 2425 vәrәm hadisәsi qeydә alınmışdır. 12–23 aylıq uşaqların 94%-i difteriyaya, göyöskürәyә vә tetanusa qarşı immunizasiya olunmuşdur (2014).
Tәhsil
E.-da tәhsil mәktәbәqәdәr, ibtidai (1–5 siniflәr), orta mәktәb (6–8 siniflәr), lisey (9–12 siniflәr) vә un-t olmaqla 5 pillәlidir. 7–13 yaşlı uşaqlar üçün tәhsil icbari vә pulsuzdur. 6 illik orta tәhsil (2 vә 4 illik olmaqla iki pillәyә bölünür) 13 yaşından başlanır. Mәktәbәqәdәr tәhsil müәssisәlәrindә uşaqların 15%-i tәrbiyә olunur. Mәktәbyaşlı uşaqların 40%-i ibtidai, 28,6%-i isә digәr mәktәblәrdә tәhsil alır. 820-dәn artıq mәktәb (245 mindәn artıq mәktәbli), eyni zamanda bir sıra özәl mәktәblәr, orta tibbi tәhsil müәssisәlәri, 3 illik texniki mәktәblәr, kiçik kolleclәr, texnikum vә Texnologiya İn-tu [2003; Əsmәrә Un-ti (1958) bağlandıqdan sonra fәaliyyәtә başlamışdır] var. E.-da 15–24 yaşlı әhalinin kişilәr arasında 92,6%, qadınlar arasında 87,7% olmaqla 90,2%-i savadlıdır (2008–12).
Kütlәvi informasiya vasitәlәri
Kütlәvi informasiya vasitәlәri üç dildә (ingilis, әrәb vә tiqre) xidmәt göstәrir. Başlıca qәzetlәr: “Hadas Eritra” (dövlәt qәzeti; hәftәdә iki dәfә), “Chamber News”; “Eritrean Profile” vә s. Dövlәt nәzarәtindә olan radio vә televiziya (1993 ildәn) yalnız paytaxt vә әtraf әrazilәrdә verilişlәr yayımlayır. Ölkәdә 9,5 min internet istifadәçisi var.
İdman
E. idmançıları Yay Olimpiya Oyunlarında 2000 ildәn iştirak edirlә 28-ci Yay Olimpiya Oyunlarında (2004, Afina) yüngül atlet Zersenay Tadese 10000 m mәsafәyә qaçışda bürünc medal qazanmışdır.
Turizm
İl әrzindә E.-ya tәqr. 600 min turist gәlir (әsasәn, Almaniya, Fransa, Yaponiya, Cәnubi Koreya, Avstraliya, B.Britaniya vә Şimali Amerikadan). Qırmızı dәnizin mәrcan riflәri, ekoloji cәhәtdәn tәmiz suları, Dәhlәk arxipelaqının (Milli park statusuna malikdir) qumsal çimәrliklәri, yerli xalqların özünәmәxsus mәdәniyyәti, tarixi-memarlıq abidәlәri, dayvinq, safari turları xarici turistlәri E.-ya cәlb edir. Dәhlәk a.-nda çoxsaylı hotellәri olan böyük turist kompleksi fәaliyyәt göstәrir. Lakin Efiopiya ilә müharibә ölkәyә turist axınının azalmasına sәbәb olmuşdur. Tarixi abidәlәrin çoxu (Əsmәrә ş. istisna olmaqla) uzun müddәt aparılan müharibә nәticәsindә dağıdılmışdır. Qәdim Aksum şәhәri Adulisin qalıqları (e.ә. 6 әsr), arxeoloji qazıntıların aparıldığı Kohaitto r-nu (paytaxtdan 120 km aralı), Dәhlәk Kәbir a., Nakfa ş.-ndә yeraltı şәhәr- katakombalar, Şeyx Hәnәfi mәscidi (tәqr. 500 il), Debre Bizen monastırı (1361), Kampo meydanı (Massaua a.) vә s. turizm obyektlәridir.
Дебре Бизен монастыры.
Ədәbiyyat vә memarlıq
E. әdәbiyyatı şifahi xalq yaradıcılığı әsasında formalaşmışdır. Kilsә dini nәğmә lәrini xatırladan “kıne” janrı (14 әsrdә yaranmışdır) daha geniş yayılmışdır. Kınedә söz oyunundan, hәmahәnglikdәn vә çeşidli mәcazlardan geniş istifadә olunur. Onu digәr şeirlәrdәn fәrqlәndirәn cәhәt çoxmәnalı ola bilmәsidir. “Hökmdarların şәrәfinә” (14 әsr) vә “Hökmdarların sәr vәti” (18 әsr) orijinallığı ilә maraq doğuran әsәrlәrdir. Ölkәnin paytaxtında memarlıq abidәlәrindәn neoklassik üslubda Qubernator sarayının Korinf sütunları, Opera Hausun roman üslubunda portiklәri, katolik kilsә vә şәhәr mәscidi saxlanılmışdır.