ERİTROSİTLƏR (yun. ἐρυθρός– qırmızı + κύτος – qab, hüceyrә), qırmızı qan cisimciklәri – onurğalılarda (insan da daxil olmaqla) qanın vә bәzi onurğasızlarda (dәrisitikanlılarda) hemolimfanın struktur elementi. Onların sitoplazması hemoqlobinlә – tәrkibindә dәmir olan qırmızı rәngli piqmentlә zәngindir. İnsan E.-i dairәşәkilli iki tәrәfi batıq elastik kiçik hüceyrәlәrdir. Tәrkibi, әsasәn, qırmızı rәng verәn tәnәffüs piqmenti hemoqlobinindәn ibarәtdir. İnsan vә mәmәli heyvanların E.-indә hüceyrә nüvәsi vә orqanoidlәrin әksәriyyәti olmur, bu da hemoqlobinin miqdarını artırır. Bәdәndә olan bütün hüceyrәlәrin tәqr. 1/4 hissәsi E.-dir. Onların formalaşması (eritropoez) kәllә, qabırğa vә onurğa sümüklәri iliyindә, uşaqlarda isә hәm dә qol vә ayaq uzun sümüklәrinin uc hissәsindәki sümük iliyindә baş verir. Onların ömrü 3–4 aydır, dağılması (hemoliz) qara ciyәrdә vә dalaqda gedir. E. qana daxil olmazdan qabaq bir neçә proliferasiya mәrhәlәsi keçir vә retikulositlәr şәklindә qan damarları mәnfәzinә düşürlәr. Bir neçә saatdan sonra isә retikulositlәrdәn yetişmiş E. әmәlә gәlir. E.-in formalaşmasının ilk mәrhәlәlәrindә onlarda hemoqlobinin azlığına görә eritroblastların rәngi göy olur, hüceyrә sonradan boz, tam yetişdikdә isә qırmızı rәng alır. E.-dә hüceyrә (plazmatik) membranı qazları (oksigen, karbon qazı), ionları (Na+, K+) vә suyu keçirmәklә mühüm funksiya yerinә yetirir. Lipoproteid membranın sәthindә E.-in aqqlütinasiyasına sәbәb olan qlikoprotein tәbiәtli spesifik antigenlәr – aqqlütinogenlәr – qan qrupu faktorları yerlәşir. Hemoqlobinin fәaliyyәtinin effektivliyi E.-in mühitlә tәmas sәthinin böyüklüyündәn asılıdır. Qandakı E.-in ölçülәri kiçik olduqca, onların hamısının birlikdә götürülmüş ümumi sәthi dә böyük olur. İbtidai onurğalılarda E. iri (mәs., quyruqlu suda-quruda yaşayan amfibiyalarda – diametri 70 mkm), ali onurğalılarda daha kiçik (mәs., keçilәrdә 4 mkm diametrdә) olur. İnsanda E.-in diametri 6,2–8,2 mkm, qalınlığı – 2 mkm, hәcmi – 76–110 mkm3 olur. Yaşama müddәti orta hesabla 125 gündür (hәr san.-dә 2,5 mln-a yaxın E. yaranır, hәmçinin bu qәdәr dә dağılır). Bir l qanda olan E.-in miqdarı: kişilәrdә 4,5–5,5.1012/l (1 mm3 qanda 4,5–5,5 mln.); qadınlarda – 3,7–4,7.1012/l (1 mm3 qanda 3,7–4,7); yenidoğulmuşlarda – 6,0.1012/l-ә (1 mm3 qanda 6 mln.) qәdәr; yaşlı şәxslәr dә – 4,0.1012/l (1 mm3 qanda 4 mln). E.-in ümumi miqdarı anemiyalar zamanı azalır, polisitemiyalar zamanı artır.
Funksiyaları. E. yüksәk ixtisaslaşmış hüceyrәlәrdir vә onların funksiyaları oksigeni ağ ciyәrlәrdәn bәdәn toxumalarına, karbon qazını isә әks istiqamәtdә daşımaqdır. Bundan başqa onlar mühitin turşu-qәlәvi tarazlığını tәnzimlәyir. E.-in sitoskeletinin vә hüceyrә membranının xüsusiyyәtlәri onlara böyük deformasiyalara davam gәtirmәk vә formasını bәrpa etmәk qabiliyyәti verir (8 mkm diametrli insan E.-i 2–3 mkm diametrli kapilyarlardan keçir).
Donordan resipientә qanköçürmә zamanı E.-in aqqlütinasiyası vә hemolizinin (parçalanmanın) baş vermәsi mümkündür. Bunun olmaması üçün qan qrupunu nәzәrә almaq lazımdır. Aqqlütinasiyanı E.-in sәthindә olan zülallar – antigenlәr (aqqlütinogenlәr) vә plazmada olan anticisimlәr (aqqlütininlәr) törәdir. Mövcud olan 4 qan qrupunun hәr biri üçün müxtәlif antigenlәr vә anticisimlәr xarakterikdir. Qanköçürmә, adәtәn, eyni qan qrupuna mәxsus şәxslәr arasında aparılır.
Patologiyaları. Müxtәlif qan xәstәliklәri zamanı E.-in rәnginin, ölçülәrinin, miqdarının, habelә formalarının dәyişmәsi mümkündür; onlar orağabәnzәr, oval, kürәvi vә ya dairәvi formada ola bilәr. E.- in formasının dәyişmәsi poykilo sitoz adlanır. Sferositoz (E.-in kürәvi forması) irsi anemiyaların bәzi formalarında müşahidә olunur. Elliptosidlәrә (oval formalı E.) meqaloblast vә dәmir-defisitli anemiyalarda, talassemiyada vә digәr xәstәliklәrdә rast gәlinir. Akantositlәr vә exinositlәr (tikanlı E.) qara ciyәr zәdәlәndikdә, piruvatkinazanın irsi qüsurlarında vә s. hallarda tәsadüf edilir. Tikanlı E. (kodositlәr – solğun nazik periferiyalı vә toplanmış hemoqlobin saxlayan qalınlaşmış mәrkәzi hüceyrәlәr) talassemiyalar vә digәr hemoqlobinopatiyalar, qurğuşunla zәhәrlәnmәlәr vә s.-dә qeyd edilir. Orağabәnzәr E. – orağabәnzәr hüceyrә anemiyasının әlamәmәtidir.
Qanın turşu-qәlәvi balansının turşuluğa doğru dәyişmәsi (7,43-dәn 7,33-ә qәdәr) zamanı E.-in yapışması vә ya onların aqreqasiyası baş verir.