ÉRKEL Ferens (7.11.1810, Dyula – 15.6.1893, Budapeşt) – macar bәstәkarı, dirijor, pianoçu, pedaqoq vә musiqi xadimi. Nәslәn musiqiçi olan E. atasından (fp.), 1822–25 illәrdә Bratis lavada Q.Kleyndәn (fp., orqan, musiqi nәzәriyyәsi fәnlәri) dәrs almışdır. 1827 ildәn Kolojvarda yaşamış (indiki Kluj), qraf Çakın (1828–35) ailә musiqi müәllimi olmuş, piano çalmışdır. Tәqr. 1830 ildә Kolojvarda dirijor kimi debütü olmuşdur. 1835 ildәn Peştdә yaşamışdır. Macar teatr yoldaşlığı cәmiyyәtindә opera tamaşalarına (Saray teatrında göstәrilirdi) dirijorluq etmiş, pianoda konsertlәr vermişdir. 1836–38 illәrdә alman teatrının 2-ci dirijoru idi. 30-cu illәrin sonundan 50 ildәn artıq bir müddәtdә E. ölkәnin musiqi hәyatına rәhbәrlik etmişdir. 1838 ildәn Milli teatrın baş dirijoru, sonralar musiqi direktoru, 1884 ildәn isә Opera teatrının (son dәfә burada pianoçu vә dirijor kimi 7.9. 1890 ildә çıxış etmişdir) direktoru, Filar monik cәmiyyәt (1853 ildә E. tәrәfindәn yaradılmış, 1871 ilәdәk orada rәhbәrlik etmişdir) orkestrinin konsertlәrinin vә ümum macar xor cәmiyyәti birliyinin dirijoru (1868 ildәn baş dirijoru) olmuşdur. 1875–86 illәrdә Musiqi Akademiyasının direktoru vә 1888 ildәn fp. sinfi üzrә prof.-u kimi çalışmışdır. E. macar milli operasının banisi vә milli himnin müәllifidir. Onun tarixi-vәtәnpәrvәrlik operalarının süjetlәri macar xalqının yadelli zülmә qarşı apardığı mübarizәnin real epizodları ilә bağlıdır. Bәstәkar Qәrbi Avropa opera sәnәtinin uğurları ilә macar folklorunu birlәşdirmәklә parlaq xarakterli qәhrәmanların vә böyük tәsir gücünә malik faciәvi toqquşmaların vәhdәtindәn yaranan әsәrlәr yazmışdır. 1848 il inqilabına hazırlıq dövründә yaranmış, macar xalqının vәtәnpәrvәrlik vә milli azadlıq ideyalarını әks etdirәn romantik xarakterli “Laslo Hunyadi” (1844) vә lirik-qәhrәmanlıq “Bankban” (İ.Katonun dramı üzrә, tәqr. 1850–60, tamaşası 1861) operaları E.-in mühüm әsәrlәridir; 1848–49 vә 1918–19 illәrdә xalq nümayişlәri zamanı bu operaların bәzi melodiyaları kütlәvi mahnıya (mәtndә cüzi dәyişiklik etmәklә) çevrilmişdi. Bәstәkar macar cәmiyyәtinin hәyatından götürülmüş süjetlәr әsasında komik mәişәt operaları (“Şarolta”, 1862) da yazmışdır. E.-in yaradıcılığı romantizmdәn realizmә doğru tәkamül yolu keçmişdir.