ERQOTÍZM (fr. ergot – çovdar mahmızı), r a f a n i y a – insan vә heyvanların çovdar mahmızı vә ya ondan hazırlanmış dәrman preparatları ilә zәhәrlәnmәsi. İ n s a n d a kompleks somatik, nevroloji vә psixi pozuntuların olması ilә sәciyyәlәnir. 20 әsrin 20-ci illәrinә qәdәr çovdar mahmızı ilә zәdәlәnmiş çovdardan hazırlanan çörәyin qәbul edilmәsi nәticәsindә E.-in epidemik yayılmaları qeyd edilirdi. E.-in sonuncu iri epidemiyası 1951 ildә Fransanın Pon-Sent-Espri ş.-indә olmuşdur: 250 nәfәr xәstәlәnmiş, onlardan 4 nәfәri ölmüşdür. E.-in başlanğıc әlamәtlәri – mәdә-bağırsaq pozulmaları, başağrısı, yorğunluqdur. Ağır hallarda bir neçә gündәn sonra şüurun dumanlanması (şüurun pozulması, deliri), hәyәcan, qorxu, iztirab, mәyusluq әhvaliruhiyyәsi vә s. ilә sәciyyәlәnәn erqotin psixozu inkişaf edir. Çox vaxt qıcolmalar meydana çıxır. Kollaps ola bilәr, bәzәn periferik damarların spazmı nәticәsindә qanqrena baş verir. Nevroloji simptomlardan hissiyyatın, reflekslәrin, yerişin, nitqin pozulması vә s. qeyd edilir. Çovdar mahmızı preparatları ilә kәskin zәhәrlәnmәlәr zamanı mәdә yuyulur, antidot kimi kalsium-xlorid, sonra isә isti vannalar, yuxugәtirici, qıcolma әleyhinә dәrmanlar, habelә tәnәffüsü vә qan dövranını stimullaşdıran preparatlar tәyin olunur. H e y v a n l a r d a da çovdar mahmızı ilә zәdәlәnmiş yabanı bitәn taxıl bitkilәrinin, habelә çovdar mahmızlı çovdar qarışığı olan un, kәpәk, taxıl bitkilәri ilә qidalanma nәticәsindә E.-in baş vermәsi mümkündür. Bütün növ heyvanlar, o cümlәdәn quşlar da E.-ә hәssas olur. Atlarda vә qoyunlarda E.-in kәskin gedişi zamanı mәrkәzi sinir vә hәzm sistemi zәdәlәnir (oyanma, depressiya, ağızsuyunun axması, qusma, ishal, xoralı stomatit, qıcolma, bәzәn balasalma). Qaramalda, donuzlarda baş verәn xroniki qanqrenoz E. zamanı dәrinin
ölmüş hissәlәri ayrılır, dırnaqlar, atlarda yal vә quyruq, quşlarda pipiyin dişciklәri vә sırğacıqları qopub düşür. M ü a l i c ә s i – simptomatikdir. Zәhәri mәdәdәn vә bağırsaqlardan çıxartmaq üçün işlәtmә dәrmanı verilir, mәdә yuyulur, imalә edilir. Bağırsaqlarda zәhәri birlәşdirәn tanin mәhlulu içizdirilir. P r o f i l a k t i k a s ı: dәnli bitkilәrin vә taxıl mәhsulunun vaxtında yığılması (göbәlәklәr inkişaf edә nә qәdәr), toxumun tәmizlәnmәsi, yemin keyfiyyәtinә nәzarәt edilmәsi.