ERLİFT (ing. airlift; air – hava + lift – qaldırmaq) – quyudan hidroqarışığı vә ya mayeni sıxılmış havanın enerjisi hesabına qaldırmaq üçün qurğu. Quyulardan neft verilәrkәn, su basmış şaxtalardan suyun çıxarılmasında, sualtı hasilat zamanı üzәn qurğularda vә s. E.-lә qaldırmadan istifadә olunur. E.-lә qaldırmanın iş prinsipi belәdir: hava kompressor vasitәsilә borularla qarışdırıcıya (sorucu ucluqla pulpa borusu arasında yerlәşmiş dairәvi kameradır) verilir. Bu kamerada mayenin (hidroqarışığın) hava ilә qarışığı әmәlә gәlir; qarışıq pulpa borusuna daxil olur vә boru vasitәsilә sәthә çıxır. Havaayırıcıdan keçәrkәn qarışıqdakı qaz fraksiyası ayrılır, hidroqarışıq isә istehlakçıya nәql edilir. Yüksәk hündürlüyә qaldırma zamanı pillәli E.-lә qaldırma tәtbiq olunur. Bu halda hәr pillәnin borusunun sonunda havaayırıcı quraşdırılır, hidroqarışıq isә növbәti pillәnin hava verilәn qarışdırıcısına ötürülür (bax hәmçinin Qazlift).