ERMƏNİLƏR (özlәrini h a y adlandırırlar) – millәt, Ermәnistanın әsas әhalisi. Ermәnistanda sayları tәqr. 3 mln.-dur. Ümumi sayları tәqr. 8 mln. nәfәrdir (2016). Ermәnistan sәrhәdlәrindәn kәnarda, o cümlәdәn Azәrb.-da (әsasәn, Qarabağın dağlıq hissәsindә tәqr. 120 min; 2009), Gürcüstanda (168 min; 2014), Rusiyada (1,2 mln.; 2010), Fransada (450 min), ABŞ-da (1 mln.) vә s. yaşayırlar. Ermәni etnosunun mürәkkәb etnogenetik proseslәrlә müşayiәt olunan tәşәkkül prosesi, o cümlәdәn onun tәrkibinә müxtәlif etnodil qruplarının daxil olması ilә әlaqәdar ermәni dilinin bir- birindәn әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn ş. vә q. variantları formalaşmışdır. Ermәni dilinin çox sayda dialekt vә şivәsi (Yerevan, Tbilisi, Qarabağ, Van, İstanbul vә s.) var. Çoxәsrlik türk vә İran tәsiri ermәni dilindә böyük türkizm vә farsizm qatlarının formalaşmasına sәbәb olmuşdur.
Dindarları, әsasәn, Ermәni Apostol kilsәsinә mәnsub xristianlardır. Xristianlıq rәsmәn Albaniya (Qafqaz) vә Gürcüstan ilә eyni vaxtda – 4 әsrin әvvәlindә qәbul olunmuşdur. Bundan başqa, E.-in bir hissәsi katolik kilsәsinә mәnsubdur, katoliklәrin çoxu Livan, Suriya vә Gürcüstanda yaşayır. Dindarlar arasında islamı qәbul etmiş, әsasәn, Türkiyә vә RF-nin Krasnodar diyarında yaşayan E. (hәmşinlәr) xüsusi qrup kimi seçilirlәr.
Ermәni etnosunun erkәn tarixi E.-in ilk vәtәni olan Cәnub-Şәrqi Avropa ilә bağlıdır. Protoermәni dilinin daşıyıcıları e.ә. 13–9 әsrlәrdә Balkan y-a-ndan Kiçik Asiyaya köç etmiş vә sonralar Melitena kimi tanınan vil.-dә mәskunlaşmışlar. Azlıq tәşkil edәn, dillәrinin özәyini saxlamaqla digәr dillәrdәn külli miqdarda alınma söz mәnimsәyәn protoermәnilәr Kiçik Asiyada yaşayan urartulular, hurrilәr, luviyalılarla qaynayıb-qarışmışlar. Belәliklә, protoermәni dilinin daşıyıcıları olan azsaylı hind-avropalıların urartulular vә hurrilәr massivinә daxil olması, hәmçinin onların öz dillәrini saxlamaqla yerli hind-avropalı әhali – luviyalılarla qaynayıb-qarışması nәticәsindә ermәni etnosu formalaşmışdır.
Sonralar Kiçik Asiyanın ş. hissәsindә mәskunlaşmış E. müxtәlif dövlәtlәrin tәrkibinә daxil idilәr. 387 ildә Ermәnistanın Bizans vә Sasani imperiyaları arasında bölüşdürülmәsindәn sonra E.-in Şәrqi Anadolu hüdudlarından miqrasiyası artdı. Bu proseslәr Ön Asiyada әrәb ağalığı (7–9 әsrlәr), sonra isә Sәlcuqilәr dövrlәrindә (11– 12 әsrlәr) daha da sürәtlәndi. E.-in kütlәvi miqrasiyası nәticәsindә Suriya, Misir, Bizans, Mәrkәzi Avropa, İran vә Hindistanda ermәni koloniyaları meydana gәldi. Rusiyada E. 18 әsrdәn etibarәn Moskvada, Sankt-Peterburqda, Don çayının aşağı axarında, Hәştәrxanda yaşayırdılar.
E.-in Cәnubi Qafqaza kütlәvi köçü 19 әsrin әvvәllәrinә – Rusiya–İran, Rusiya– Türkiyә müharibәlәri nәticәsindә bu regionun Rusiya imperiyasına birlәşdirildiyi dövrә aiddir. Qeyd olunmalıdır ki, ermәnidilli әhalinin kiçik qrupları Qarabağın dağlıq әrazilәrindә 19 әsrәdәk yaşamışlar. Lakin tәdqiqatçılar arasında geniş yayılmış fikrә әsasәn, onlar müәyyәn sәbәblәrdәn ermәni dilinә keçmiş xristian alban tayfalarının nәsillәri idilәr. Dağlıq Qarabağ kәndlilәrinin xristianlığaqәdәrki inanclarını araşdıran İ.Petruşevski yazırdı: “Qarabağın ermәni kәndlilәri ilә onlara qonşu olan oturaq vә yarımköçәri türklәrin inancları ümumiyyәtlә oxşardır. Onların quruluşu, xüsusilә dә ziyarәtgah terminologiyaları, ayinlәri eynidir”. Bu, Petruşevskinin fikrincә, ictimai-tәsәrrüfat hәyatının vә tarixi inkişafın ümumi şәrtlәrini tәsdiqlәyir.
E.-in Cәnubi Qafqaza әsas axını Rusiya–İran müharibәsindәn (1826–28) vә Azәrb.-ın Rusiya imperiyası ilә İran arasında bölüşdürülmәsini nәzәrdә tutan Türkmәnçay müqavilәsinin (1828) bağlanmasından sonra başladı. 1828 ildә imperator I Nikolay Şimali Azәrb.-ın İrәvan vә Naxçıvan xanlıqları әsasında “Ermәni vilayәtinin” yaradılması haqqında fәrman imzaladı. Bu fәrmanın hәyata keçirilmәsi nәticәsindә regionun etnik tәrkibindә ciddi dәyişikliklәr baş verdi. Əsasәn, azәrb.-lardan ibarәt müsәlman әhalinin çox hissәsi mәhv edildi, yaxud Türkiyә vә İrana köçürüldü. Ermәni vil. adlandırılan әrazidә yalnız 2 il (1828–30) müddәtindә E.-in sayı tәqr. üç dәfә artdı. E.-i öz hüdudlarına cәlb etmәk mәqsәdilә Rusiya hökumәti onları 6 il müddәtinә vergilәrdәn, 3 il müddәtinә torpaq mükәllәfiyyәtindәn azad edir, pul vәsaiti vә torpaq ayırır, azad ticarәtә zәmanәt verirdi. Qeyd etmәk lazımdır ki, E.-in Cәnubi Qafqaza köçmәsi 19 әsr әrzindә davam etmiş vә Rusiya–Türkiyә müharibәsindәn (1877–78) sonra daha da güclәnmişdir.
Ön Asiya vә Cәnubi Qafqaz xalqları ilә çoxәsrlik birgә yaşayışları nәticәsindә E. bu xalqların, xüsusilә Anadolu vә Azәrb. türklәrinin әnәnәvi mәdәniyyәtlәrinin bir çox elementlәrini mәnimsәmişlәr. E.-in әsas mәşğuliyyәtlәri әkinçilik vә köçәbә maldarlıqdır. Toxuculuq (yun, ipәk), tikmә, keramika istehsalı, mis vә gümüş (döymә, şәbәkә üsulu, savadlama) emalı, daş üzәrindә oyma inkişaf etmişdir. Bәzi sәnәt sahәlәrinin, o cümlәdәn xalçaçılığın inkişafı qonşu xalqların, әsasәn, azәrb.-ların güclü tәsirinin vә onlardan mәnimsәmәnin nәticәsidir.
E.-in әnәnәvi evlәrinin әn qәdim tipi kvadrat planlı, pәncәrәsiz, daş divarlı, dirәklәr üstündә üzәri torpaqla örtülmüş taxtadan yalançı günbәzli, mәrkәzindә ocaq vә bacası olan yerüstü, yaxud yarımqazma evlәrdir (qlxatun). Bәzi r-nlarda yaşayış vә tәsәrrüfat hissәlәri bir dam altında, digәrlәrindә (nisbәtәn isti r-nlarda) ayrı-ayrı yerlәşirdi. Qlxatunda E.-in “tonir” adlandırdıqları, Ön vә Mәrkәzi Asiyada, hәmçinin Qafqazda geniş yayılmış, döşәmәyә bәrkidilmiş gil soba vә buxarı olurdu. 19 әsrin son rübündәn etibarәn iki vә dördyamaclı kirәmit damı olan bir yarım, yaxud ikimәrtәbәli evlәr tikmәyә başlamışlar.
E.-in әnәnәvi geyimlәri adından vә ayrı-ayrı elementlәrindәn göründüyü kimi mәnimsәnilmә nәticәsindә qonşu xalqların әnәnәvi geyimlәri ilә bir çox ümumi xüsusiyyәtlәrә malikdir. Ənәnәvi kişi vә qadın geyimlәrinin әsasını qısayaxalıqlı köynәk (şapik) vә şalvar tәşkil edir. Köynәyin üstündәn arxalıq (türk. arxa – bel, kürәk sözündәn), düymәsiz qısa gödәkçә (baçkon) geyinirdilәr. Qadınların geyimi yan tәrәflәrindә xiştәyi olan uzun köynәk (xalav), aşağısı bafta vә qızılı saplarla naxışlanmış şalvar (poxan) idi. Baş geyimlәri kişilәrdә xәz, keçә, yaxud toxunma papaq, qadınlarda üstdәn bәzәkli çәnbәr qoyulan örtük olmuşdur. 19 әsrin sonlarından bu tip geyimlәr tәdricәn avropasayağı geyimlәrlә әvәzlәnmişdir.
E.-in әnәnәvi yemәklәrinin әsasını taxıl mәhsulları tәşkil edir. Buğda (әvvәllәr arpa) unundan tonirlәrdә Yaxın vә Orta Şәrqdә geniş yayılmış lavaş bişirirlәr. “Lavaş” adı etimoloji baxımdan ilkin mәnası dәnli bitkilәrdәn qida növü olan, sonralar isә dairәvi formada bişirilmiş un mәmulatlarını ifadә edәn qәdim türkcә liv+aš söz birlәşmәsindәn götürülmüşdür.
E. arasında xәmir xörәklәri dә geniş yayılmışdır. Ət mәhsullarından türklәrdәn mәnimsәmә nәticәsindә әnәnәvi ermәni kulinariyasına daxil olmuş dolma (türk. dolamaq sözündәn), kabab (şaşlık), küftә bişirirlәr. Süd mәhsullarından tuluqda yetişdirilmiş qoyun vә keçi pendiri (E. onu türk.-dәn götürülәn motal sözü ilә adlandırırlar), matsun (qatığın ermәnicә adı), xovkul (süzmә ilә çürüdülmüş südün qarışığından hazırlanan mәmulat), ankaş [üzlü süddәn pendir, “gözcüklü” (d ә likl i) pendir] vә yayılmışdır.
E.-in folkloru müxtәlif janrlıdır: nağıllar, mahnılar, eposlar. Kukla vә kölgәlәr teatrlarının müxtәlif növlәri mövcud olmuşdur. Ənәnәvi mahnılarına әmәk nәğmәlәri – kişilәrin әkinçiliklә bağlı nәğmәlәri [cütçü (Orovel), әkin, taxıldöymә, mәhsul yığımı nәğmәlәri] vә qadınların ev işlәri vә әkinçiliklә bağlı nәğmәlәri (taxılüyütmә, yağçalma, üzüm yığımı, hәllaclıq, әyirmә, toxuculuq nәğmәlәri) aiddir. E.-in aşıq poeziyası vә musiqisi ayrı-ayrı janrların vә musiqi alәtlәrinin (saz, tar, kamança) adından da göründüyü kimi türklәrdәn mәnimsәnilmişdir. E.-in aşıq mahnıları formasına vә janrdaxili bölmәlәrinә görә Şәrqin qәzәl, dübeyt, müxәmmәs, divani, qoşma, şәrqi vә s. şeir üslubu ilә sıx bağlıdır. Ənәnәvi musiqi alәtlәri ümumşәrq mәnşәlidir vә terminologiyasına görә Azәrb. vә İran xalqlarından götürülmәdir. Belә musiqi alәtlәrinә saz, tar, kamança, ud, tütәk, zurna, dәf, nağara aiddir.
Əd.: Севак Г. Месроп Маштоц. Создание армянских письмён и словесности. Ереван, 1962; Этимологический словарь тюркских языков (в 7 томах). М., 1974–2003; Ольдерогге Д.А. Из истории армяно-эфиопских связей (алфавит Маштоца) // Древний Восток. Сб. 1. М., 1975; История армянского народа. С древнейших времён до наших дней. Ереван, 1980; Армяне. Серия “Народы и культуры”. М., 2012; Гусейн заде Р.А. Кавказ и армяне. Б., 2014.